Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Namizədlik və doktorluq dissertasiyalarına dair avtoreferatların biblioqrafik göstəriciləri

 Milli və respublika kitabxanalarının kitabsaxlayıcısında bu ədəbiyyatın müstəsna əhəmiyyəti vardır. Kitabxana fondunda, soraq-məlumat aparatında o çox məhdud əhatə edilsə də, bu sahənin oxucu qrupunun kəmiyyət göstəricisi az olsa da, maarifin, mədəniyyətin, elm və texnikanın inkişaf etdirilməsində, elmi əlaqələrin təşkili və genişləndirilməsində alim və mütəxəssislərin tarixi xidmətlərini heç nə ilə müqayisə etmək olmaz. Ona görə də kitabxanada alim və mütəxəssislərə, elmi-tədqiqat işləri ilə məşğul olan oxuculara xüsusi qayğı göstərilir. Elə kitabxananın mütəxəssis oxucular tərəfindən tanınması, onların kitabxanaçıların əməyini yüksək qiymətləndirməsi də məhz bununla bağlıdır. Alimlərin, mütəxəssislərin, yaradıcı ziyalıların, elmi-tədqiqat işi ilə məşğul olan müxtəlif oxucu qruplarının kitabxanadan istifadəsinin təmin edilməsində bu ədəbiyyat bir növ tənzimləyici, elmi istiqamətverici funksiyanı yerinə yetirir. Bu sahəyə dair görülmüş hər bir fəaliyyət xeyirxahlıq məqsədi daşısa da, ən çox iqtisadi sosial məna kəsb edən dövlət əhəmiyyətli iş hesab edilir. Kitabxananın fəaliyyətində bu sahəyə dair maraqlı cəhət odur ki, 1990-cı ildə 3 göstərici çap edilmişdir. Onların hər üçü rus dilində olsa da, Azərbaycan oxucusu üçün də qiymətli vəsait hesab edilməlidir. Çünki burada geniş elmi mənzərə verilmişdir. Bunlardan ikisi  “Biblioqrafiçeskiy ukazatel avtoreferatov kandidatskix i doktorskix dissertasiy”, digəri isə”Ukazatel dissertasiy nauçno-issledovatelskix rabot (na mikronositelyax)” adlanır. “Biblioqrafiçeskiy ukazatel avtoreferatov kandidatskix i doktorskix dissertasiy” adlanan bu göstərici 1990-cı ildə 36 səhifə həcmində 150 nüsxə ilə çap edilmişdir. Göstəricinin tərtibçisi R.T.Əliyeva,  redaktoru isə M.D.Əliyevadır. Göstərici giriş, mətn və yardımçı aparatdan ibarətdir. “Giriş”dən məlum olur ki, 1984-cü ildən  kitabxanaya avtoreferatlar daxil olmuşdur”. 220 nəfərin namizədlik və doktorluq dissertasiyası haqqında avtoreferatlarına aid mənbələr 5 elmi istiqamətdə müəyyən edilmişdir. 
Qeyd etmək lazımdır ki, eyni mövzuya aid tərtib edilmiş ikinci göstəricinin həcmi daha böyükdür. O, 573 namizədlik və doktorluq dissertasiyası haqqında mükəmməl məlumat verməyi qarşısına məqsəd qoymuşdur. Göstərici 1 yanvar 1988-ci ilə kimi kitabxananın fonduna daxil olmuş referatları əhatə edir. Bu vəsait 1990-cı ildə 100 səhifə həcmində 150 nüsxə tirajla çap edilmişdir. Göstəricinin quruluşunda əsas yeri mətn tutmaqla, 7 vərəq həcmində müəlliflərin adlar göstəricisinin əlifba sırasına da yer ayrılmışdır. Birinci  göstəricidən fərqli olaraq burada hər bir müəllifə məxsus referata öz sahəsinə uyğun olaraq şifrə verilmişdir. Əgər birinci göstəricidə 5 elm sahəsinə aid referatlar əks edilmişdisə, burada 9 elm sahəsinə aid məlumatlar vardır. Bunlardan ikisi  “Xalq təhsili. Pedaqoji elmlər” və “İncəsənət” sahələri təkrar olunsa da, 7 elm sahəsinə aid məlumatlar ilk dəfə oxuculara çatdırılır: 
Dialektik materializm
İnsan və heyvanların fiziologiyası 
Səhiyyə və tibb elmləri 
Sosial inkişaf  bütövlükdə
Sosiologiya ictimai elmlərin ayrıca sahəsi kimi
Mədəni-maarif işi 
Biblioqrafiya. Biblioqrafiyaşünaslıq
Dilçilik 
    Göstəricinin elmi işçilər, müəllimlər, ali məktəb tələbələri və aspirantlar üçün nəzərdə tutulduğu qeyd edilmişdir. Göstəricinin tərtibçisi M.D.Əliyeva,  redaktoru S.Q.Zeynalovadır.
“Fəlsəfə”, ”Kitabxana işi. Kitabxanaşünaslıq”; “Biblioqrafiya. Biblioqrafiyaşünaslıq”; “Arxiv işi. Arxivşünaslıq”.; “Xalq təhsili. Pedaqogika”; “Sosial psixologiya”; “Ümumi dilçilik” bölmələrini özündə əks etdirən 30 dissertasiya və elmi-tədqiqat işləri haqqında məlumat verən  “Ukazatel dissertasiy nauçno-issledovatelskix rabot (na mikronositelyax)” adlı göstəricinin həcmi balaca olsa da, mənbəşünaslıq nöqteyi-nəzərindən qiymətlidir. Göstərici 1990-cı ildə 150 nüsxə tirajla çap edilmişdir. Onun tərtibçisi “Elmi-məlumat və biblioqrafiya şöbəsi”nin müdiri Ş. Məmmədova, redaktoru S.Zeynalo¬vadır. Ümumiyyətlə, bu qəbildən olan göstəricilərin əhəmiyyyəti ondan ibarətdir ki, onlar həm ölkədə elmi inkişafa köməklik göstərməkdə mənbə rolunu oynayır, həm də biblioqrafiyaşünaslıq nöqteyi nəzərindən mühüm yer tutur. Belə vəsaitlərin çap edilməsi, öyrənilməsi, tədqiq edilməsi kitabxana işinin ümumi inkişafına sözsüz ki, müsbət təsir göstərir. Lakin ölkədə yaranmış iqtisadi çətinlik bu gözəl ənənənin davam etdirilməsinə sədd çəkmişdir.