Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Şəxsi göstəricilər

REPK-nın yaradıcılıq fəaliyyətində Azərbaycanda pedaqogika sahəsinin biblioqrafik informasiya təminatında, bu elmin milli əsaslar üzərində formalaşmasında xidmətləri olan görkəmli alimlərə həsr olunmuş biblioqrafik vəsaitləri də qeyd etmək lazımdır. Kitabxana qarşısında məqsəd qoyaraq, bütün varlığını və şüurunu Azərbaycan elminin və maarifinin çiçəklənməsinə sərf etmiş  görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğat və tədqiqat obyektinə çevirməyi asanlaşdırmaq üçün biblioqrafik vəsaitlərin tərtibinə və nəşrinə  başlamışdır. 
Bu qəbildən olan mükəmməl şəxsi göstəricilərdən biri Azərbaycanın ilk pedaqoq alimi, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Əhməd Yusif oğlu Seyidovun (1926-1977-ci illər) yaradılcılığı haqqındadır.
 
“Əhməd Seyidov. Biblioqrafiya” adlı göstərici 1990-cı ildə 52 səhifə həcmində çap edilmişdir. Göstəricinin tərtibçisi  H.A.Musayev, redaktoru T.Ə.İsmixanova, elmi məsləhətçisi pedaqoji elmlər doktoru, professor H.Ə.Əhmədovdur. Göstərici özünün orijinallığı, elmiliyi, zəngin material əhatəliliyi, düzgün sistemliliyi, maraqlı köməkçi aparatı ilə diqqəti cəlb edir.
Göstərici Azərbaycan və rus dillərində olan materiallar əsasında tərtib edilmişdir. Göstəricidə Ə.Seyidov haqqında elmi məlumatlarla yanaşı, onun Azərbaycan və rus dillərində olan 142 adda kitabının, dövri mətbuatda və məcmuələrdə çap olunmuş elmi əsərlərinin adları oxuculara və elmi ictimaiyyətə toplu halında çatdırılır. Görkəmli alimin 38 nəfərin namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi haqqında, alimin şəxsiyyətini və elmi fəaliyyətini işıqlandıran maraqlı bir elmi məqalənin də göstəricidə verilməsi onun elmi zənginliyini daha da artırır. Məqalənin müəllifi tanınmış alim və pedaqoq, professor H.M.Əhmədovdur. Onun Ə.Seyidovun (1892-1977) mənalı həyatının, səmərəli, gərgin elmi pedaqoji və elmi fəaliyyətinin tarixi xronologiyasını verən elmi oçerki bir çox cəhətdən maraq doğurur. Gözəl tərtibatla keyfiyyəli kağızda çap edilmiş bu göstərici pedaqoq alimin əsərlərini, onun haqqında yazılmış elmi məqalələri, onun rəhbərlik etdiyi elmi işlər, ümumiyyətlə, bir insanın keçdiyi elmi yaradıcılıq yolunu əks etdirir.
Nəşrlərin ümumi mənzərəsi göstərir ki, tutduqları vəzifələrdən və ixtisaslarından asılı olmayaraq yaradıcı əməkdaşların birgə əməyi və səyləri nəticəsində yadda qalan, kitabxananın fəaliyyətini səciyyələndirən xeyli iş görülmüşdür. Bu nəşrlərin ümumi təhlili göstərir ki, burada öyrənilməsi vacib olan və elmi mübahisə doğuran faktlar az deyildir. Belə ki, respublika əhəmiyyətli sahəvi kitabxanalar içərisində REPK-a bəlkə də yeganə kitabxanadır ki, soraq-məlumat aparatının düzgün və dinamik təşkili nəticəsində kitabxana fondunun tarixi-xronoloji inkişafının mənzərəsini yarada bilmişdir. Bu nəşrlərin başlıca qayəsi, məziyyəti ondan ibarətdir ki, ölkənin bütün regionlarında yaşayan və işləyən çoxsaylı təhsil işçiləri, həmçinin başqa oxucu qrupları, ayrı-ayrı sistemlərə məxsus kitabxanalar REPK-nın fondunda olan zəngin ədəbiyyatdan çətinlik çəkmədən, əlavə məsrəflərə yol vermədən KAA vasitəsilə istədikləri ədəbiyyatı alıb istifadə edə bilsinlər. Bu nəşrlər kompleksi bir növ kitabxana fondunun, onun zəngin soraq-məlumat aparatının respublikanın ayrı-ayrı regionlarında, bölmələrində səyyar sərgisini xatırladır, qiyabi olaraq oxucular qarşısında ümumi mənzərə yaradır ki, bu da kitabxananın fəaliyyətini genişləndirir və çoxsaylı oxucu ünvanlarına yaxınlaşdırır. Bütün bu müsbət amillərin kitabxanada olması bir tərəfdən işçilərin məsuliyyətini, yaradıcılıq imkanlarını artırırsa, digər tərəfdən kollektivin daha səmərəli fəaliyyət göstərməsinə, müxtəlif mövzulara dair göstəricilərin tərtib və nəşr edilməsinə marağı çoxaldır.     
Onu da qeyd etmək lazımdır ki, REPK-a Azərbaycan biblioqrafiyası tarixində ilk dəfə olaraq sahəvi ədəbiyyatın biblioqrafik göstəricisi vasitəsilə həm ədəbiyyatın məzmununun, həm də fondun təsvirinin verilməsinin təməlini qoymuşdur. Lakin bu günə kimi bu məsələlər haqqında elmi fikir deyilməmiş, biblioqrafiya sahəsində çalışan mütəxəssislərin diqqətini cəlb etməmişdir.         
 
“Akademik Mehdi Mehdizadə” biblioq¬rafik göstəricisi: REPK-a 1992-ci ildə mövzu göstəriciləri seriyası ilə həyata keçirdiyi “Akademik Mehdi Mehdizadə” adlı şəxsi göstəricini nəşr etdirmişdir. Bu biblioqrafik vəsaitdə geniş və zəngin yaradıcılıq yolu keçmiş akademik M.Mehdizadə kimi bir alimin elmi irsi, onun elmi-pedaqoji fəaliyyəti ilə bağlı materiallar əhatə olunmuşdur. Biblioqrafik göstəricidə görkəmli alimin 1940-1984-cü illər ərzində çapdan çıxmış bütün əsərləri xronoloji qaydada sistemləşdirilmiş və eyni il daxilində materiallar sərlövhəsinə görə əlifba sırası ilə verilmişdir. Göstəricidə geniş diapazonlu pedaqoq alimin əsərləri nəşr tipləri (kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunmuş əsərləri) ilə yanaşı, hər bir bölmə daxilində dillər üzrə qruplaşdırılmışdır. Həmçinin alimin elmi-pedaqoji kadrların yetişdirilməsi sahəsindəki fəaliyyətini əks etdirmək məqsədilə göstəriciyə onun rəhbərlik etdiyi dissertasiya işlərinin də siyahısı verilmişdir. Vəsaitin tərtibçisi H.Musayev, redaktorları F.Z.Abdinzadə və T.Ə.İsmixanovadır.
 
“Akademik Rəfiqə Mustafayeva” şəxsi biblioqrafik göstəricisi: 2006-cı ildə “Elmi–məlumat və biblioqrafiya şöbə¬si”nin əməkdaşları tərəfindən görkəmli pedaqoq, Azərbaycan qadınları arasında ilk pedaqoji elmlər doktoru, professor, tanınmış alim “Akademik Rəfiqə Mustafayeva” şəxsi biblioqrafik göstəricisi hazırlanıb nəşr etdirilmiş və məktəb kitabxana-larına göndərilmişdir. Biblioqrafik göstəricidə alimin 1954-2005-ci illər ərzində çapdan çıxmış bütün əsərləri xronoloji qaydada sistem¬ləşdirilmişdir. Pedaqoq alimin çap edilmiş kitabları, monoqrafiyaları, eləcə də məcmuələrdə və dövri mətduatda dərc olunmuş məqalələri göstəricidə öz əksini tapmışdır. Alimin pedaqoji kadrların yetişdirilməsi sahəsindəki fəaliyyətini əks etdirmək məqsədilə biblioqrafik göstəriciyə onun rəhbərliyi ilə hazırlanmış namizədlik dissertasiyalarının siyahısı, onun rəsmi opponentliyi ilə müdafiə olunmuş dissertasiyalar- namizədlik, doktorluq dissertasiyaları, alimin həyat və yaradıcılığı haqqında yazmış müəlliflərin məqalələri xronoloji qayda ilə verilmişdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, eyni zamanda, onun haqqında müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərin əlifba göstəricisi tərtib edilmişdir. Göstərici alimin 70 illik yubileyində REPK-nın əməkdaşları tərəfindən təntənəli şəkildə ona təqdim  olunmuşdur.