Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

OXUMAQ ZƏRƏR DEYİL

Respublika Elmi Pedaqoji  Kitabxanası və Bakı Şəhər Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılmasına dair keçiriləcək layihələr.
 
“Kitabmen”
 
Layihə haqqında məlumat. Layihənin məqsədi yeniyetmə yaşlı oğlanların mütaliəyə cəlb edilməsidir. Kiçik yaşlı oğlanların az mütaliə etməsi dünyanın bir çox ölkələrində aktual problemdir. 10-12 yaşlı oğlan uşaqlarının kitabxanaya cəlb edilməsi üçün bu istiqamətdə müxtəlif  işlər həyata keçirilə bilər.  Bunlardan biri də 10-11 yaş dövründə yeniyetmələr arasında macəra janrında yazılmış kitabların oxusunun təşkilidir. Çünki bu əsərlərin oxusu məhz  bu yaş dövründə əhəmiyyətli hesab edilir. Uşaqlar burada  kiçik yaşlı ədəbi qəhrəmanlarla- balaca oğlanlarla tanış olur və onları nümunə götürürlər.  Əvvəlcə uşaqlar arasında sorğu keçirilir. Daha sonra “Kitabla dünya səyahəti” adlı müsabiqə elan edilir. “Sorğuda müsbət nəticə göstərən uşaqlar müsabiqəyə cəlb edilir.  Macəra janrında olan 5 məşhur əsər seçilir. 3 ay müddətində bu əsərlərin oxusu təşkil edilir. Seçilmiş əsərləri oxuyan uşaqlar arasında viktorinalar təşkil edilir və qaliblər mükafatlandırlır. 
 
“Oxumaq zərər deyil, oxumamaq zərərdir”
 
Layihə haqqında məlumat. Burada əsas fikir uşaqları mütaliəyə cəlb etmək üçün  5-ci sinif şagirdləri arasında müstəqil oxuduqları sevimli kitablar haqqında yaşıdlarına danışmaq şansı yaratmaqdır. Layihənin məqsədi əlinə kitab götürmək istəməyən, mütaliəni özü üçün əziyyət və ağır yük bilən uşaqlarda oxuya maraq yaratmaqdır. Layihə “Sinifdənxaric oxu” adlı dəyirmi masa kimi həyata keçirilir. Tədbir üçün oxunmuş kitabların sərgisi hazırlanır. Uşaqlar “oxumaq zərər deyil oxumamaq zərərdir” şüarı ilə çıxış edir və dostlarını oxuduqları kitabı mütaliə etməyə dəvət edirlər. Hər bir uşaq oxuduğu kitaba aid yarlıq hazırlayır. Tədbirdə  “Müəllifə sualım”,  “Kitabı necə anladım”, “Kitaba nə ad verirəm”, “Kitabda ən çox bəyəndiyim yer” və s. kimi mövzular əhatə olunur. 
 
“Qızıl rəf”
 
Layihə haqqında məlumat. Məktəbdə şagirdlər və pedaqoji heyət arasında keçirilmiş sorğuya əsasən ən çox sevilən kitablardan ibarət qızıl rəf  yaradılır. Qızıl rəf sorğular əsasında hazırlanır. Qızıl rəfə o kitablar seçilir ki, onlar  oxucuların sevimli kitabıdır və bunları hər kəs usanmadan dəfələrlə oxumaq istəyir. Qızıl rəfə həm klassik, həm də müasir milli və dünya ədəbiyyatı nümunələri daxil edilir. Qızıl rəf kitabxananın görünən bir yerində yerləşdirilir. Qızıl Rəf uşaqların yaş xüsusiyyətləri nəzərə alaraq yaradılır bir neçə rəfdən ibarət ola bilər. Bu rəfə daxil edilən kitabların mövzusu və kitabı nə üçün oxumaq lazım olduğu, eləcə də “Qızıl rəfə” nə üçün qoyulduğu haqqında məlumatları əks etdirən vərəq qoyulur. Sorğu əsasında seçilmiş, lakin məktəb kitabxanasında olmayan kitabların  alınması üçün valideyn assosiasiylarına və məktəb rəhbərliyinə, eləcə də köməkçi kitabxanalara  (KAA vasitəsilə) müraciət oluna bilər. 
 
“Ədəbi natura”
 
Layihə haqqında məlumat. Ədəbiyyat səyahət etmək üçün çox gözəl vasitədir. Layihədə uşaqlar kitablarda səyahət etməyə dəvət edilir. Uşaqlar  üçün  kitablar seçilir. Eyni və ya müxtəlif janrlar üzrə oxunan kitablardan əsərin içindən bir fraqment seçilir və ona uyğun şəkil çəkilir. Burada bir fikir var. Siz ədəbi qəhramanınızın keçdiyi yolda onun görmədiyi nəyi gördünüz. Şəkillər əsasında müsabiqə keçirilir. Layihənin və əsərin ideyasını ən yaxşı əks etdirən əsərlər mükafatlandırılır. 
 
“İnsanı insan edən nədir?”
 
Layihə haqqında məlumat. Müasir uşaqlar rəqəmsal əsrin uşaqlarıdır. Onlar daima internet şəbəkədədir və öz fikirlərini, hisslərini simvollar və şəkillərlə izah edirlər. Bizim nəzər nöqtəmizə görə məktəb dərsliyini yaxşı seçilmiş daha populyar olan bədii kitab davam etdirməlidir. Layihə 7-11-ci sinif şagirdləri arasında aparılmaq üçün nəzərdə tutulur. Məktəbdə keçirilən oxucu konfransı üçün  “İnsanı insan edən nədir?” adlı böyük maket hazırlanır. Uşaqların mütaliə etməsi üçün biz illik kitab siyahıları tərtib edirik. Bu kitablar uşaqların yaş qrupları nəzərə alınaraq seçilir. Bədii kitabı isə özünü ifadə etmək qabiliyyəti- simvollar, şəkillər, qrafitlər davam etdirir. Böyük maketdə insan şəkli verilir. Maket kitabxananın oxu zalında asılır. Hər kəs oxuduğu kitabın ideyasını ifadə edən simvol hazırlayır və böyük maketə yapışdrıır, yazır və ya rəngləyir. Uşaqlar oxuduqları əsərlər haqqında sərbəst fikir mübadiləsi apara bilir və mövzu ilə bağlı digər kitabları bir birinə tövsiyə edirlər. 
 
”Kitab bizim evin uzunömürlü üzvüdür”.
 
 Layihə haqqında məlumat. Layihənin məqsədi ailədə mütaliə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmləndirilməsidir. Burada uşağın ailə ilə münasibəti vurğulanır, kitab və mütaliənin əhatəsində nəsillərarası dialoq yaranır. Suallar belə qoyula bilər. Kitabın adı, müəllifi, ilk dəfə ailəyə daxil olma tarixi, kitabın mövzusu ailədə kimlər üçün maraqlıdır və ənənəni kimlər, necə davam etdirir.  Layihə 4-6-cı sinif şagirdləri arasında həyata keçirilir. Uşaqlar valideynlərlə birgə yaradıcı axtarışa başlayırlar. Axı onlar evlərində və ya nənə-baba evindəki ən köhnə kitabı tapmalıdırlar. “Kitab bizim evin ən uzunömürlü sakinidir” adlı dəyirmi masa keçirilir. Əminliklə demək olar ki, bu layihə uşaqda yalnız bədii ədəbiyyata yox ailə kitabxanalarında olan texniki və ya digər mövzulu, eləcə də sorğu kitablarına da böyük maraq yaradacaqdır.
 
“Siz hələ də mütaliə etmirsiniz?”
 
Layihə haqqında məlumat. Layihənin məqsədi kiçik yaşlı məktəbliləri və onların valideynlərini müasir dövrdə nəşr edilmiş uşaq ədəbiyyatı ilə tanış etməkdir. Aksiyanı müxtəlif günlərdə keçirmək olar. Məsələn 23 aprel beynəlxalq kitab günündə keçiriləcək “Oxu günü”ndə. Aksiyanın keçirilməsi üçün “Sizin uşağınız üçün müasir uşaq ədəbiyyatı” adlı bukletlər hazırlanır. Bukletlərin hazırlanmasına peşəkarlar cəlb edilir, yaş qrupları müəyyən edilir. Bukletdə mütləq kitabların əldə edilməsi üçün uşaq kitabxanaları və kitab mağazalarının ünvanı və iş rejimi haqqında məlumatlar göstərilir. Aksiyada yuxarı sinif şagirdləri könüllü kimi iştirak edirlər. Tədbirdə iştirak edən uşaqlı ailələrə müxtəlif yaş qruplarına aid uşaq ədəbiyyatını əks etdirən siyahılar (bukletlər) təqdim olunur. 
 
“Fikir hərfləri”
 
Layihə haqqında məlumat. Hazırkı dövrdə “Google nəsli” deyilən bir nəsil yetişir. Müasir dövrdə valideynlərin bir fikri var: “Necə edək ki, uşaq sakit olsun”. İşləyən valideynlər uşaqların əlinə “ağıllı” telefonları verməklə problemi həll etdiklərini düşünürlər. Bu daima telefonda oyun oynayan uşaqların  yaddaşında ləngimələrə səbəb olur. Onlar məntiqi tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər, sözlü yaradıcılıqdan yayınmağa (çünki, fikirlərini doğru ifadə edə bilmirlər) çalışırlar. Uşaqların marağını cəlb etmək üçün hərflərlə -sözləri ifadə edəcək –rəngli şəkillər çəkirik. Bu tapşırıq kiçik yaşlı məktəblilər arasında həyata keçirilir. Uşaqlar  bir hərflə başlayan müxtəlif  cisimlərin şəkillərini bir hərf üzərində yerləşdirirlər. Eyni zamanda bu şəkillərə şeir yazmaq tapşırğı verilir. Bu uşaqlarda həm düşüncəni həm də təfəkkürü inkişaf etdirməyə kömək edir. 
 
“Mən oxudum sən də oxu”.
 
Layihə haqqında məlumat. Uşaqların yaş xüsusiyyətlərinə uyğun seçilmiş kitablar məktəblərdə oxucu fəalları arasında paylanılılır. Kitabların içərisinə layihəyə daxil edilmiş digər kitablara aid biblioqrafik əlfəcinlər yerləşdirilir. Uşaqlar bir-biri ilə kitabları mübadilə edərək oxuyurlar. Kitabxanaçılar kitabların oxusuna nəzarət edirlər. Yekunda seçilmiş kitabların hamısını oxuyan uşaqlar mükafatlandırılır.