Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

REPK-da “Məktəb kitabxanaçısı pedaqoqdur” mövzusunda elmi-təcrübi konfrans keçirildi

1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabr ayının dördüncü həftəsinin bazar ertəsi günü “Beynəlxalq Məktəb Kitabxanaları Günü” kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir ay ərzində silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Digər günlərdə isə kitaba və kitabxanaya həsr edilmiş müxtəlif kiçikhəcmli tədbirlər həyata keçirilir. Bəzi dünya ölkələri bu bayramı məktəb kitabxanalarının problemlərini və çatışmazlıqlarını göstərmək üçün təşkil edirlər. Son dövrlərdə ölkəmizdə də bu bayram münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.
2017-ci ildə ilk dəfə Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) tərəfindən "Beynəlxalq Məktəb Kitabxanaları Günü"nə həsr edilmiş “Məktəb kitabxanası gününü tap” adlı elmi seminar baş tutmuşdu. 2018-ci ildə isə respublikanın ümumtəhsil məktəb kitabxanalarında oktyabr ayı ərzində "Beynəlxalq Məktəb Kitabxanaları Günü"nə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi üçün Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən təşəbbüs göstərilmiş,  rayon (şəhər) təhsil şöbələrinə müvafiq mövzuda tövsiyə məktubu göndərilmişdir. Zaqatala, Samux, Salyan, Naftalan, Saatlı, Lənkəran, İmişli, Hacıqabul, Şirvan rayon (şəhər) məktəblərində bayram münasibətilə bir sıra sisilə tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Bakı şəhəri üzrə ümumtəhsil məktəb kitabxanaçıları arasında “Kitabxana əlaçısı” və “Ən yaxşı kitabxanaçı” nominasiyaları üzrə müsabiqə elan edilmişdi.
 Ənənəvi olaraq 2019-cu ilin oktyabr ayında da Respublika Elmi Pedaqoji Kitabxanasında "Beynəlxalq məktəb kitabxanaları günü" münasibətilə “Məktəb kitabxanaçısı pedaqoqdur” mövzusunda elmi-təcrübi konfrans keçirildi. Konfrans Respublika Elmi Pedaqoji Kitabxanası və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə əməkdaşlığı ilə təşkil edildi. 
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru T.Ə.İsmixanova məktəb kitabxanaçılarını bayram münasibətilə təbrik edərək bu günün əhəmiyyətindən danışdı. Məktəb kitabxanalarının ümumtəhsil müəssisələrinin vacib bölməsi olduğunu qeyd edən direktor son illər dövlət tərəfindən kitab və mütaliə sahəsində həyata keçirilən işləri də xüsusi vurğuladı. Daha sonra direktor 2018-2019 tədris ili ərzində BŞTİ və REPK-nın birgə əməkdaşlığı çərçivəsində şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması məqsədilə təşkil olunan layihələrin əhəmiyyəti barədə danışdı. Konfransda BŞTİ-nin müdir müavini H.Əsgərov kitabxanaçıları müasir texnologiyalarla tanış etmək və kitabxana işinin səmərəli təşkili məqsədilə həyata keçirilən layihələrin vacibliyindən söhbət açdı. Müdir müavini şagirdlərin mütaliəyə olan diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs etdi. Konfransda kitabxananın şöbə müdiri Səyyarə Məmmədova “pedaqoq kitabxanaçı” təhsil standartının yaradılması təklifi ilə çıxış edərək bu məsələyə diqqət artırılmasının vacibliyini vurğuladı. Daha sonra məktəb kitabxanaçılarının “pedaqoq kitabxanaçı” mövzusunda məruzələri dinlənildi.
Konfrans zamanı 2018-2019 tədris ilində şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə reallaşdırılmış "Qızıl rəf", "Ədəbi natura", "Kitab bizim ailənin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz?", "Mən oxudum, siz də oxuyun" layihələrinin müzakirəsi də həyata keçirildi. Sonda iştirakçılarına diplomlar təqdim edildi. Tədbir çay süfrəsi ilə başa çatdı.