Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabxana 1983 - 1992-ci illərdə

Metodik vəsaitlərin və biblioqrafik göstəricilərin nəşrlər sistemi
Kitabxana işçilərinin ixtisaslarının təkmilləşdirilməsi
Biblioqrafik nəşrlər
Biblioqrafik göstəricilər
Yeni kitabların cari bibloqrafik göstəriciləri
Dövri nəşrlərin cari biblioqrafik göstəriciləri

XX əsrin 80-ci illərində ölkənin elmi, sosial-mədəni həyatı üçün çox zəruri olan sahəvi milli kitabxana - Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) təşkil edilmişdir. Azərbaycan Respublikası üzrə elmi-pedaqoji ədəbiyyatın milli kitabsaxlayıcısı, Maarif Nazirliyinin çoxsaylı kitabxanalarının elmi-metodik mərkəzi funksiyalarını yerinə yetirən, təhsil ocaqlarında çalışan və ya təhsil alan yüz minlərlə oxucunun kitabxanalara olan ehtiyacını vahid istiqamətə yönəldən və ədəbiyyatla təmin edən Respublika Elmi Pedaqoji Kitabxanası cəmi 8 il ərzində bir sıra çətinliklərə və maneələrə baxmayaraq öz funksiyasını yerinə yetirmişdir.       

REPK-nın yaradılmasının maraqlı tarixi vardır: keçmişdə hakim mövqe tutan Azərbaycan KPMK-nın və Azərbaycan Respublikası Nazirlər Sovetinin 24 iyun 1982-ci il tarixli, 335 nömrəli birgə qərarına əsasən 1982-1983-cü illərdə Respublika Elmi Pedqoji Kitabxanasının açılışı nəzərdə tutulmuşdur. Bu qərara uyğun olaraq keçmiş Azərbaycan Respublikası Maarif Nazirliyinin “Azərbaycan SSRİ-də xalq maarifinin inkişaf etdirilməsi tədbirləri haqqında” 28 iyul 1982-ci il tarixli, 197 nömrəli əmri ilə nazirliyə tabe olan təhsil ocaqlarının bütün strukturlarının rəhbərlərinə göstəriş verilmişdir ki, təhsilin və şagirdlərin tədris və tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı konkret tədbirlər hazırlayıb həyata keçirsinlər. Əmrin 2-ci bəndində nazirliyin səlahiyyətli strukturlarının məsul işçilərinə tapşırılmışdır ki, 1982-1983-cü illərdə REPK-nın açılması üçün lazımi sənədləşdirməni bir ay müddətinə başa çatdırıb təqdim etsinlər. Burada həmçinin kitabxananın açılmasının Respublika Maliyyə Nazirliyi ilə razılaşdırıldığı da vurğulanır. Bununla bərabər Azərbaycan Respublikası Maarif Nazirinin müavini A.P.Əfəndiyev 3 oktyabr 1983-cü il tarixli, 2584- PMU nömrəli məktubu ilə keçmiş Oktyabr (indiki Yasamal) rayonunun XMŞ-nin müdiri E.Səlimovaya rəsmi şəkildə müraciət edir ki, rayonun 161 nömrəli məktəbinin binasında REPK üçün yer ayrılması imkanlarını nəzərdən keçirsin və on gün müddətinə görülmüş tədbirin nəticəsi haqqında Nazirliyin rəhbərliyinə məlumat versin. Maarif Nazirinin 21 noyabr 1983-cü il tarixli, 175 nömrəli sərəncamı ilə əldə edilmiş razılığa əsasən 161 nömrəli məktəbin direktoru B.Həşimova göstəriş verilir ki, məktəbin birinci mərtəbəsində iki sinif otağını kitabsaxlayıcı və işçi otağı üçün azad etsin. Bu məsələ müsbət həll olunur. Bununla bərabər hələ kitabxana təşkil edilməmişdən çox qabaq onun gələcək fəaliyyətini və funksiyasını müəyyən edən digər bir mühüm sənəd də qəbul edilmişdi. Maarif Nazirinin 5 mart 1983-cü il tarixli, 57 nömrəli əmri ilə kitabxanaya III dərəcəli status verilmişdir. Bu əmr kitabxananın həm işçi tərkibini (kitabxanaya 32 nəfəri bilavasitə kitabxana işi ilə məşğul olacaq 38 ştat vahidi müəyyən edilmişdir), həm də onun funksiyalarını aydınlaşdırır. Maarif Nazirinin 1983-cü ildə imzaladığı əmrin 2-ci bəndinə əsasən REPK Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Respublika Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun bazası əsasında yaradılmış və bununla da həmin institutların kitabxanalarının REPK-nın filiallarına çevrilməsi nəzərdə tutulmuşdur.

O, dövrdə kitabxananın cəmi 5449 nüsxə ədəbiyyat fondu var idi. Əldə olan müvafiq sənədlər təsdiq edir ki, kitabxana üçün ayrılmış iki sinif otağı heç də onu qane edəcək şəraitin yaradılması demək deyildi. Kitabxananın tərkibi direktor və direktor müavinindən, 15 yardımçı bölməni özündə birləşdirən 4 müstəqil əsas şöbədən- Elmi komplektləşdirmə, kitabişləmə, kataloqlaşdırma və kitab mübadiləsi, Elmi-məlumat, informasiya və biblioqrafiya, Oxuculara xidmət və Elmi-metodik şöbəsindən ibarət idi. Məlumdur ki, bu şöbələrin hər birinin özünəməxsus vəzifələri və iş xüsusiyyətləri var idi. Lazımi şərait olmadığına görə kitabxana öz oxucusunu qəbul edə bilmir, lakin şöbələr öz işlərini elmi prinsiplər əsasında qurmağa müvəffəq olmuşdu.

REPK özünün fəaliyyətinin hüquqi elmi təminatını yaradan Əsasnamə qəbul etmişdir. Əsasnamə 5 mart 1983- cü il tarixində keçmiş Maarif Nazirliyi tərəfindən təsdiq edilmişdir. “Azərbaycan Respublikası Maarif Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasının Əsasnaməsi” nin ümumi müddəalarında kitabxananın elmi və sosial siması aşkarlanır. Əsasnamədə deyilir: “1.1. Respublika Elmi  Pedaqoji Kitabxanası (REPK) elmi sahəvi kitabxanadır. Respublikada təhsil işçilərinə , təhsil sistemində fəaliyyət göstərən müəssisələrə, Nazirliyin kitabxana şəbəkəsinə məlumat-biblioqrafiya xidmətini həyata keçirən elmi metodik əlaqələndirmə mərkəzidir. REPK vahid elmi pedaqoji məlumat sisteminə daxildir. Respublikada elmi pedaqoji ədəbiyyatın əsas kitabsaxlayıcısıdır. ”    

Bu müddət ərzində kitabxana öz fəaliyyətini ən çox kopmplektləşdirməyə, soraq-məlumat aparatının təşkilinə, elmi- metodik işə yönəltmiş, bir sıra təşkilati məsələlərin həllinə çalışmış və buna nail olmuşdur. Lakin bu vəziyyətlə nə kitabxananın rəhbərliyi, nə də onun yaradıcı kollektivi heç vaxt razılaşa bilməzdilər. Maddi-texniki bazanın hədsiz dərəcədə məhdudluğu onun geniş fəaliyyət göstərməsinə, işin tələb olunan səviyyədə qurulmasına, sözün həqiqi mənasında imkan vermirdi. Buna görə də kitabxananın direktoru T.Ə. İsmixanova və kitabxananın digər məsul işçiləri 1985-ci ildə yeni istifadəyə verilmiş Respublika Mərkəzi Müəllimləri Təkmilləşdirmə və Yenidən Hazırlanması İnstitutuna məxsus doqquz mərtəbəli binanın 2-ci mərtəbəsinin REPK üçün ayrılmasını tələb etmiş və buna nail ola bilmişdilər. Artıq REPK 1985-ci ildən bu binada 1,5 min kvadrat metrlik bir sahədə özünün bütün strukturlarını tam şəkildə bərpa etmiş və geniş fəaliyyətə başlamışdır. Kitabxana bir sıra texniki vasitələrlə təchiz edilmişdir.

Qeyd etmək lazımdır ki, qəbul edilmiş bir sıra rəsmi sənədlər, görülən tədbirlər, elmi axtarışlar, ölkə hüdudlarından kənarda olan əsaslı kitabxanalarla elmi və mədəni əlaqələr kitabxananın fəaliyyətini nəinki tənzimləmiş, habelə onun həyatında, kitabxana işçilərinin yaradıcılığında oyanış əhval- ruhiyyəsi yaratmışdır. Bu da kitabxanada bir sıra nəaliyyətlərin əldə edilməsinə səbəb olmuşdır. Bu sahədə kitabxana fondunun dinamik inkişafı daha çox diqqəti cəlb edir. Verilmiş cədvələ nəzər yetirək (cədvəl əlavə olunur.)

RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASININ 1983- 1991-Cİ İLLƏRƏ AİD ƏSAS GÖSTƏRİCİLƏRİ.

Cədvəldən aydın olur ki, REPK 1983-1985-ci illər ərzində oxucu qəbul edə bilməmişdir, 1984-1991- ci illər arasında kitabxana fondunun dinamik inkişafında, 1986-cı ildən isə oxucuların kitabxanaya cəlb edilməsində və onlar arasında ədəbiyyatın təbliği sahəsində çox böyük işlər görülmüşdür. Belə ki, 1983-cü ildə kitabxanada cəmi 5449 nüsxə kitab var idisə, 1991 ildə bunların sayı 356368 nüsxəyə çatmışdır. Oxucuların arasında sabitlik və dinamiklik vardır. Hətta son iki ildə həm dövri nəşrlərin , həm də kitabların az olmasına baxmayaraq 1986- cı ildə 11220 nəfər oxucuya 145426 nüsxə ədəbiyyat verildiyi halda, 1991- ci ildə 15014 nəfər oxucuya 220566 nüsxə ədəbiyyat verilmişdir.

Kitabxanada oxuculara xidmət işində əldə edilmiş bu nailiyyətlər nə qədər uğurludursa, kitabxana fondunda cəmi 8 il ərzində 300.000-dən çox ədəbiyyatın əldə edilməsi, onun sistemləşdirilməsi, elmi-texniki cəhətdən işlənməsi və mühafizəsi kitabxana kollektivinin daha çox uğurları və onların vətəndaşlıq borclarının yerinə yetirilməsi kimi səciyyələndirilməlidir. Çünki ayrı-ayrı sahələr üzrə bu qədər işi görmək çox da asan iş deyildir. REPK tarixi, milli və bəşəri qaynaqlara əsaslanmaqla işlərin elmi şəkildə qurulmasına, müxtəlif oxucu qruplarının tədris, tərbiyə və elmi dünyagörüşünün formalaşmasına, zənginləşməsinə, mənəvi cəhətdən yetkinləşməsinə və bunları həyata keçirmək üçün güclü təsiredici amillərin artırılmasına nail olmuşdur. Kitabxana abunə vasitəsilə aldığı 300-dən çox (Azərbaycan və rus dillərində) dövri nəşrlərin elmi-analitik məzmununu açaraq ümumi və mövzu xarakteri zəngin soraq-məlumat aparatı təşkil edə bilmişdir. Bu ağır və məsuliyyətli iş bir tərəfdən kitabxananın komplektləşdirmə, elmi-informasiya və biblioqrafiya şöbəsində çalışan az işçi qruplarının fədakar əməyinin səmərəli məhsulu kimi səciyyələndirilməlidirsə, digər cəhətdən çoxsaylı oxucuların maraq və sorğularının öyrənilməsi və ödənilməsinə təsir edən amilin artırlmasını təqdirə layiq iş kimi qiymətləndirmək lazım gəlir. Bununla bərabər bu mənbənin əsas qayəsindən biri kitabxananın elmi və yaradıcılıq simasını müəyyən edən 50-dən çox metodik və biblioqrafik nəşrlərin meydana gəlməsidir.

REPK-nın çoxsahəli fəaliyyətinin mühüm qollarından biri Azərbaycan Respublikası Maarif Nazirliyinin kitabxana sisteminə elmi metodik rəhbərlik işinin təşkilidir. Təhsil Nazirliyinin 45 milyon nüsxəyə malik beş minə yaxın müxtəlif funksiyalı kitabxanalarının ancaq məhdud bir sahəsi ali məktəb kitabxanalarına rəhbərlik edir. Göstərilən faktın özü təsdiq edir ki, Təhsil Nazirliyinin bütün kitabxanalarına elmi metodik rəhbərlik işi çox məsuliyyətli çətin və mürəkkəb işdir. Bu çətin və mürəkkəb, həmdə məsuliyyətli məsələnin həlli üçün kitabxananın rəhbərliyi, ayrı-ayrı şöbələrinin işgüzar və yaradıcı mütəxəssislərin birgə səyi bu işin tam ağırlığını təkcə elmi metodik şöbədə çalışan şöbə müdiri H.Musayevin və 7 nəfər metodistinin üzərinə düşməyə qoymamışdır. Kitabxananın yarandığı ildən bu işin elmi əsası düzgün qurulduğundan burada kəmiyyət və keyfiyyət göstəriciləri daha çox olmuşdur.

Artıq REPK-nın fəaliyyəti ölkəmizdə onun tanınmasına, elm, mədəniyyət və maarif ocağı kimi səciyyələndirilməsinə səbəb olmuşdur. Ona görə də kitabxananın statusu III dərəcədə qala bilməzdi.  “Respublika Elmi Pedaqoji Kitabxanasının II qrupa aid edilməsi haqqında” Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin 1990-cı il 28 sentyabr tarixli, 752 nömrəli əmri bu barədə haqlı qənaət idi. Bu status kitabxananın imkanlarını daha çox artırmasına imkan yaratmışdır.

Kitabxanada Nazirliyin məktəb kitabxanalarına elmi-metodik rəhbərlikdə ümumi prinsipləri əsas götürülməklə, işin tənzimlənməsini təmin etmək və metodistlərin məsuliyyətini artırmaq, cavabdehlik hissini gücləndirmək üçün zona ərazi prinsipini əsas götürmüşdür: Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Lənkəran, Sumqayıt, Şirvan (Şamaxı), Sabirabad, Bərdə. Bu prinsiplə kitabxana metodiki işçilərin elmi, fiziki, mənəvi və təşkilati potensialına diqqət yetirməklə regionlarda yerləşən kitabxanalar ilə əlaqələri möhkəmləndirmək, kitabxanaçı və işçilərin potensialını artırmaq, məsələ və problemləri vahid istiqamətdə, kompleks şəkildə həll etmək imkanı əldə etmişdir. Bu sahədə demək olar ki, bir sıra işlər görülmüşdür.