Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabxana işçilərinin ixtisaslarının təkmilləşdirilməsi

Kitabxana işçilərinin ideya mənəvi, ixtisas və peşə hazırlığının yüksək olması kitabxanaların fəaliyyətinin yaxşı qurulmasına, orada kəmiyyət və keyfiyyət göstəricilərinin müvəffəqiyyətliliyinə səbəb olur. Onda kitabxanaçı bir şəxsiyyət kimi formalaşır və yetkinləşir, bir ziyalı kimi qiymətləndirilir, təqdir edilir. Professor A.Xələfov yazır: “kitabxana işi dövrlə, zamanla ayaqlaşmalı, həmişə canlı, rəngarəng və dinamik olmalıdır”.

Göründüyü kimi, bunun təminatçısı məhz kitabxana işçisi hesab olunur. Kitabxana işçilərinin elmi bilik və peşə ustalıqlarının, həmçinin işgüzarlıqlarının öyrənilib ortaya çıxarılmasında, kitabxanaçı əməyinin qiymətləndirilməsində kitabxana işçilərinin attestasiyalarının keçirilməsinin böyük ictimai, sosial və tərbiyəvi əhəmiyyəti vardır. “Ümumtəhsil, internat və texniki-peşə məktəbləri kitabxanalarının attestasiyası haqqında” böyük formatda, kiçik həcmdə çıxmış rəsmi sənədlər və təlimati metodiki materiallardan ibarət kitabça diqqəti cəlb edir. Kitabça bir növ rəsmi sənəd toplusu kimi 1991-ci ildə çap edilmişdir. Burada Respublika Xalq Təhsili Nazirliyinin 02.02.1990-cı ildə həmin kitabxanalarda attestasiyasının məqsədi göstərilmiş, attestasiyanı keçirmək üçün 8 nəfərdən ibarət Nazirliyin əsas aparıcı işçilərinin tərkibi, attestasiyanın keçirilməsini təmin edən sənəd, əmr və protokol formaları verilmişdir. Bütün bu sənədlər göstərir ki, üç il ərzində (1990-1992-ci illərdə) ümumi kitabxana işçilərinin 30-35%-nin attestasiyadan keçməsi nəzərdə tutulmuşdur. Keçirilmiş bu tədbirə istər nazirlik, istərsədə REPK çox yüksək qiymət vermiş və işə ciddi tələbkarlıqla yanaşmışdır. Bu Nazirin verdiyi müvafiq əmrdə də əks olunmuşdur:  “... Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının” Təlim-tərbiyə prosesində məktəb kitabxanalarının rolunun artırılması haqqında “16 iyun 1988-ci il tarixli qərarına uyğun olaraq elmi-nəzəri səviyyələrinin, peşə ustalıqlarının, yaradıcı təşəbbüskarlıqlarının inkişaf etdirilməsi məqsədilə ümumtəhsil, internat və texniki-peşə məktəblərinin kitabxanaçıları attestasiyadan keçirilsin”.

Qeyd etmək lazımdır ki, bu tədbir respublikada yaxşı səviyyədə aparılmış, işin öhdəsindən gələ bilməyən onlarla kitabxana işçisi haqqında ciddi cəza tədbirləri görülmüş, yaxşı işçilərə isə təltiflər və mükafatlar verilmişdir.

Attestasiya işçi qrupunun qərarı ilə 59 nəfər məktəb kitabxanaçısına iş keyfiyyətinə görə yüksək maaş təyin edilmişdir, 29 kitabxanaçı isə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən müxtəlif mükafatlarla təltif olunmuşdular.

REPK-nın iki əməkdaşı məktəb kitabxanalarına göstərdikləri metodik köməyə və attestasiyanın keçirilməsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Xalq Təhsili Əlaçısı” döş nişanı ilə təltif edilmişdir.