Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabxana müstəqillik illərində (1992-2011)

Modernləşmə dövrü və Yeni İnformasiya Texnologiyaları
Elektron Məlumat (Verilənlər) bazası
Azərbaycanda kitabxanaların işinin yaxşılaşdırılması (Tədbirlər Planı)
Məktəb kitabxanalarına metodiki rəhbərlik (Fəaliyyət Planı)
Elmi fəaliyyət

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqillik əldə etdi. Müstəqillik əldə olunmasına baxmayaraq hərcmərclik baş verdiyi üçün bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də durğunluq yaranmışdı. Xalqın tələbi ilə hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyevin böyük cəsarətlə həyata keçirdiyi siyasət nəticəsində tam sabitlik yarandı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Bu dövrdə ölkəmizdə iqtisadi, siyasi və sosial sahədə olduğu kimi mədəniyyət, təhsil və elm sahəsində də mühüm tədbirlər görülməyə, islahatlar aparılmağa başlanıldı. Məhz H.Əliyevin hakimiyyətə yenidən gəlməsi dövlətçiliyimizlə yanaşı Azərbaycan elmini, mədəniyyətini, təhsilini də dağılmaqdan və məhv olmaqdan xilas etdi. Mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi sahəsində də olduqca ciddi tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl, kəskin maliyyə çətinliyinə baxmayaraq kitabxana şəbəkələri qorunub saxlanıldı. Azərbaycanda kitabxana işinin tarixinə dönüş dövrü kimi daxil olan bu illərdə kitabxana quruculuğu sahəsində əldə olunan nailiyyətlərə əsasən bir sıra işlər o cümlədən əhaliyə kitabxana xidmətinin təşkili və təkmilləşdirilməsi kimi mühüm işlər həyata keçirildi. Məhz bu dövr Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) həyatında da dönüş dövrü oldu. Kitabxananın ikinci fəaliyyət dövrü başlandı.

Bu illərdə kitabxana bir sıra elmi-metodik vəsaitlər, göstəricilər nəşr etdirmişdir ki, bunlardan “Siyasi aktuallığını itirmiş və məzmunca köhnəlmiş nəşr və materialların kitabxana və məlumat-informasiya fondlarından çıxarılması haqqında təlimat” (1992), “Akademik Mehdi Mehdizadənin biblioqrafiyası” (1992), respublikada latın qrafikalı əlifbanın işlənməsinə başlanması ilə əlaqədar olaraq REPK 1993-cü ildə latın qrfaikalı “İki rəqəmli cədvəl” in ilk variantını hazırlamışdır. “Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaşdı­rılması: işin məzmunu və prinsipləri”, 1985-ci ildə çap olunmuş “Məktəb kitabxanası işinin planlaşdırılması” vəsaiti günün tələblərinə uyğun olaraq yenidən işlənərək 1993-cü ildə yenidən çap olunmuşdur. “Kitabxana fondunun və kataloqlarının təşkili”, “Məktəblilərə kitabxana xidməti və ədəbiyyat təbliği”, “Valideynlərlə iş”, “Kitabxana şurası”, “Kitabxana işçilərinin ideya siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması” kimi metodik vəsaitlər də çap olunaraq kitabxanaçılara paylanmışdır. Bu illərdə REPK əməkdaşlarının kitabxana ilə təhsilin əlaqə­sinə dair bir sıra məqalələri “Azərbaycan müəllimi” və “Təhsil ” qəzetlərində nəşr olunmuşdur.

Kitabxananın 1993-cü ildə qəbul edilmiş “Əsasnamə”sində “Kitabxananın Hüquqları” adlı 3-cü  bölməsində göstərilmişdir: “REPK Təhsil Nazirliyi sisteminin kitabxanaları üzrə Elmi-metodik mərkəz statusuna malikdir”.

REPK Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən, təhsil və pedaqoji sahələrdə milli və xarici ədəbiyyat fondlarına malik olan elmi sahəvi kitabxanadır. REPK-a Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil, peşə məktəbləri, orta ixtisas təhsili müəssisələrinin kitabxana şəbəkəsinə məlumat biblioqrafiya və kitabxana xidmətini həyata keçirən elmi – metodik əlaqələndirmə mərkəzidir, respublika üzrə vahid elmi - məlumat və informasiya sisteminə daxildir.

1993-cü ildə kitabxananın 10 illik yubileyi qeyd olunmuş, kitabxananın rəhbərliyi və bir sıra işçiləri Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür. Kitabxananın 10 illik fəaliyyəti yüksək qiymətləndirilmiş, Azərbaycan “Təhsil” Cəmiyyətinin idarə heyətinin və “Təhsil” qəzetinin kitabxanaya təbrik məktubunda deyilir: “Şərəfli peşə sahibləri, əziz həmkarlarımız! Öz zəhməti ilə böyüyüb, boya başa çatmış REPK-nın 10 illik yubileyi münasibəti ilə Sizi ürəkdən təbrik edir və faydalı işinizdə yeni uğurlar arzulayırıq. Xalq Təhsili Nazirliyi sistemində metodik mərkəz olan REPK ali və orta ixtisas, texniki –peşə və ümumtəhsil məktəblərinin elmi idarələrin, məktəbdən kənar tərbiyə müəssisələrinin kitabxanalarına məharətlə metodik rəhbərlik göstərir. O eyni zamanda bütün xalq təhsili işçilərinə müəllim və tərbiyəçilərə kitabxana xidmətini yerinə yetirir.”

1993-1996-cı illərdə REPK bir sıra iqtisadi çətinliklərlə rastlaşmışdır. Kitabxana tərəfindən hazırlanmış və məktəb kitabxanaları üçün çox vacib olan onlarla metodik və biblioqrafik göstəricini çap etdirə bilməmişdir.

BDU-nun kitabxanaşünaslıq kafedrasının baş müəllimi  M.M.Zəngiba­sar­lının, T.Ə.İsmixanova və V.M.Mirzəyevlə  birlikdə hazırladıqları “Azərbay­can Respublikası Elmi Pedaqoji Kitabxanası” adlı kitab 1997-ci ildə nəşr olunmuşdur. Kitabda ölkənin təhsil həyatı və kitabxanaların işi ilə bağlı çoxlu faktlar, materillar və kitabxanaların inkişaf dinamikası öz əksini tapmışdır. Respublika Təhsil Nazirliyinin çox saylı kitabxanaları üçün gərəkli olan Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) yaradılması, işinin çox qısa bir müddətdə formalaşması, inkişaf etməsi, sahəvi milli kitabxana kimi fəaliyyət göstərməsi və kitabxananın elmi-metodiki fəaliyyətini müxtəlif istiqamətlərdə səciyyələndirməsi burada geniş şərh edilmişdir. Kitabda 1983-1996-cı illər arasında kitabxananın kiçik yaradıcı kollektivinin səmərəli işləri göstərilmiş, səciyyələndirilmiş və təqdir edilmişdir.

REPK işini müasir tələblərə uyğun şəkildə qurmaq üçün mədəni əlaqələrə daha çox diqqət yetirmişdir, respublikanın paytaxtında fəaliyyət göstərən xarici səfirliklər və daimi nümayəndəliklərlə əlaqəsini genişləndirmiş, həmin səfirliklər öz ölkələrinin mədəniyyət, maarif və kitabxana işi haqqında materialları kitabxanaya göndərmiş və bu da kitabxananın işinin ümumi və elmi –mədəni səviyyəsini artırmışdır.