Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Modernləşmə dövrü və Yeni İnformasiya Texnologiyaları

29 dekabr 1998-ci il  H.Əliyev tərəfindən imzalanmış “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanununun qəbul olunması respublikada kitabxana­ların fəaliyyətində köklü dəyişikliklər yaratdı. Bu qanunun tətbiqi haqqında 12 mart 1999-cu il tarixində Azərbaycan Respublikasının prezidenti H.Əliyev tərəfindən fərman imzalanmışdır. Onu da qeyd etmək lazımdır ki, REPK Milli Məclis tərəfindən yaradılmış işçi qrupuna daxil edildiyindən bu qanunun hazırlanmasında yaxından iştirak etmişdir.

Müstəqil, suveren, dünyavi, demokratik Azərbaycan dövlətinin digər sahələrində olduğu kimi kitabxana işi sahəsində də özünə məxsus siyasəti vardır. Bu siyasətin əsasında dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir”- kəlamı durur.

Kitabxana müxtəlif beynəlxalq konfrans və seminarlarda iştirak etmişdir. “Cənubi Qafqaz dövlətlərinin kitabxana və informasiya işçilərinin regional informasiya mərkəzi” adlı layihə çərçivəsində REPK-nın direktoru xanım T.Ə.İsmixanova 1999-cu ilin aprel ayında Tiflisdə keçirilən “Kitabxana assosiasiyaları-regional əməkdaşlıq” adlı II Cənubi Qafqaz regional kitabxana konfransında iştirak etmişdir.

Müstəqillik dövründə ölkəmizdə milli təhsil konsepsiyasının həyata  keçirilməsində 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Təhsil islahatı proqramı”nın olduqca mühüm əhəmiyyəti olmuşdur.

Ölkədə özəl təhsil müəssisələrinin yaradılması, təhsil ocaqlarının sayca çoxalması, təhsil müəssisələrinə elmi-metodik rəhbərliyin vahid mərkəzdən həyata keçirilməsi təhsil sisteminin daha da təkmilləşdirilməsinə zərurət yaratmışdı. Bu məqsədlə möhtərəm Prezidentimiz Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu fərmana müvafiq olaraq tabeçiliyindən asılı olmayaraq respublikanın bütün təhsil müəssisələrinə elmi-metodik rəhbərlik Təhsil Nazirliyinə həvalə edildi. Bu fərmanla Təhsil Nazirliyinin statusu artmaqla təhsilin təkmilləşdirilməsində onun öncül mövqeyi müəyyənləşdirildi.

REPK təhsil sistemində gedən bu dəyişiklikləri və təkmilləşdirməni nəzərə alaraq ümumtəhsil məktəb kitabxabanaları üçün “Əsasnamə” hazırlamış və Təhsil Nazirliyinin 08.02.2000-ci il tarixli, 133 nömrəli əmri ilə təsdiq etdirərək, respublikanın bütün məktəb kitabxanalarına göndərmişdir.

2002-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin katibliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin tapşırığı ilə 17 adda 34 nüsxə kitab hədiyyə olaraq Respublika Elmi Pedaqoji Kitabxanasına verilmişdir.

2002-ci il həqiqətən REPK üçün mühüm dəyişikliklər ili olmuşdur. Belə ki, Təhsil Nazirinin 03.05.2002-ci il tarixli, 424 nömrəli əmrinə əsasən REPK-nın “Əsasnamə”si dəyişilmiş, yeni “Nizamnamə” hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin əmrə əsasən REPK-da kitabxananın  avtomatlaşdırılması və kompüterləşdirilməsi məqsədi ilə – Yeni İnformasiya Texnologiyaları şöbəsi yaradılmışdır. REPK-nın bütün əməkdaşları ABŞ səfirliyinin nəzdində fəaliyyət göstərən “Kitabxanaçıların təlim və informasiya” mərkəzində “ingilis dili”, “kompüterin əsasları və internet”, “avtomatlaşdırma” və digər kurslarda olmuş, sertifikatlar əldə etmişlər. Bundan başqa kitabxananın iki nəfər əməkdaşı “Azərbaycan kitabxana işinin inkişafı assosiasiyası”, “Avrasiya fondu və Qafqaz ixtisasartırma” mərkəzinin birgə “Kitabxana işinin aktual problemləri, dünya kitabxana xidməti təcrübəsi, müasir kitabxana informasiya texnologiyası, kitabxana prosseslərinin kompüterləşdirilməsi, kitabxana menencmenti, iqtisadiyyatı, maliyyə işləri” mövzusunda keçirdiyi kurslarda iştirak etmiş və beynəlxalq sertifikat almışlar. REPK-nın direktoru xanım T.Ə.İsmixanova “Amerika kitabxanaçılıq assosiasiyası” (AKA) və “Azərbaycanda kitabxana işinin inkişafı assosiasiyası” (AKİİA) ilə birlikdə 26-30 sentyabr 2002-ci il tarixində Yerevandakı “Amerika Universiteti”ndə “Universitet kitabxanalarının vətəndaş cəmiyyətində rolu” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir.

REPK 2002-ci ildə görkəmli alim, respublika kitabxanaçılıq elminin banisi, əməkdar elm xadimi, professor Abuzər Xələfovun 70 illik yubileyini təntənəli qeyd etmiş və onun əsərlərinin sərgisini təşkil etmişdir.

REPK hər il olduğu kimi bu illərdə də metodik fəaliyyətini davam etdirmiş, təhsil sistemi kitabxanalarının işinin təkmilləşdirilməsi məqsədilə yeni metodik vəsaitlər hazırlamışdır: “Məktəb kitabxanaçısının tədris ili üçün Fəaliyyət Planı” (2002), “Kitabxana işinə dair normativ aktlar” (2002), “Məktəb kitabxanalarının qurulmasının texniki normaları” (2002) və bir sıra tövsiyyə məktubları hazırlayaraq respublikanın məktəb kitabxanalarına paylamışdır.

2002-ci ilin yadda qalan hadisələrindən biri də Dünya bankının nümayəndələrinin kitabxananın fəaliyyəti ilə yaxından tanış olması idi. Kitabxananın əməkdaşları “REPK-nın fəaliyyətini təmin edəcək zəruri ehtiyacları” haqqında sənəd hazırlayıb Dünya Bankının beynəlxalq məsləhətçisi xanım Ksyu Diyə təqdim etmişlər. Təəssüflər olsun ki, bu sənədin heç bir nəticəsi olmamışdır.