Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Elektron Məlumat (Verilənlər) bazası

Mədəniyyət Nazirliyinin 05 iyul 2002- ci il tarixli, 232 nömrəli əmri ilə “Azərbaycan Respublikası Kitabxana İşinin İnkişaf Konsepsiyası” layihəsinin hazırlanması işinə başlanıl­mışdır. Bu layihənin tərkib hissəsi olan “Təhsil Kitabxanalarının Konsepsiyası” bölməsini REPK-nın əməkdaşları hazırlamış və komissiyaya təqdim etmişlər.

REPK Təhsil Nazirliyinin 03.05.2002-ci il tarixli, 424 nömrəli əmrinin 2.2 bəndinin icrasını təmin etmək məqsədilə “Ümumtəhsil peşə məktəbləri və orta ixtisas təhsil müəssisələri kitabxanalarının  işini əlaqələndirmək üçün Elektron bankının yaradılmasına” aid proqram işləyib hazırlamış və Təhsil Nazirliyinə təqdim etmişdir.

REPK-nın müstəqillik illərindəki fəaliyyətində yaranmış mühüm problemlərdən biri də kitabxana işinin kompüterləşdirilməsi olmuşdur. Kitabxana respublika təhsil sistemi kitabxanalarının vəziyyətini öyrənmək, onların işini istiqamətləndirmək, informasiya texnologiyaları ilə təmin etmək üçün tövsiyyələr hazırlamaq məqsədilə məktəb kitabxanalarının Məlumat (Verilənlər) bazasını yaratmaq təşəbbüsünü irəli sürmüşdür.

Bu məqsədlə REPK təhsil sistemi kitabxanalarının informasiyalaş­dırılmasını həyata keçirmək üçün 2002-ci ilin sonunda xüsusi layihə hazırlayıb Azərbaycanda fəaliyyət göstərən “Açıq Cəmiyyət İnistitutu”nun Yardım Fonduna təqdim etmiş və qrant udmuşdur. Layihəyə müvafiq olaraq kitabxanaya kompüter dəsti və avadanlıqlar verilmişdir. Kitabxana İnternet şəbəkəsinə qoşulmuş və WEB səhifəsini yaratmışdır. Kitabxana öz daxili imkanları hesabına “İnterbase” proqramı əsasında Təhsil Nazirliyi sistemində ilk dəfə olaraq elektron Məlumat (Verilənlər) bazası yaratmışdır. Bu məqsədlə REPK-nın metodistləri xüsusi anket formaları hazırlamış və Nazirliyin sirkulyar məktubu ilə respublikanın bütün ümumtəhsil məktəb kitabxanalarına göndərmişdir. REPK-ya daxil olmuş anket formaları üzərində aparılan təhlil işlərinin nəticələrinə əsaslanaraq məktəb kitabxanalarının fəaliyyəti haqqında məlumat əldə edilir. Bazanın təşkili respublikada məktəb kitabxanalarının işində olan çatışmazlıqların üzə çıxmasında, eləcə də bu kitabxanaların fəaliyyət imkanlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Məlumat (Verilənlər ) bazasının və ezamiyyə arayışlarının təhlilinin nəticələrinə görə 2003-cü ildə respublikada məktəb kitabxanaları fondlarının vəziyyəti ürəkaçan olmamışdır.

2003-cü ildə kitabxananın 20 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. Tədbirdə dövlət və respublika əhəmiyyətli  kitabxanaların nümayəndələri, əmək­dar elm xadimi, əməkdar mədəniyyət işçisi, prof. Abuzər Xələfov və “Kitabxanaçılıq və İnformasiya fakul­tə­si”nin bir qrup əməkdaşları həmçinin Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri prof. Asəf Zamanov iştirak etmiş, REPK-nın kitabxana işinin yeni informasiya texnologiyalarına inteqrasiyası sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş və direktor xanım T.Ə.İsmixanova Təhsil Nazirinin fəxri fərmanına layiq görülmüşdür.

Respublika kitabxanalarında, o cümlədən məktəb kitabxanalarında latın qrafikalı ədəbiyyata olan ehtiyacı nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 25 avqust 2007-ci il tarixində “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Sərəncam vermişdir. Gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata olan ehtiyacının ödənilməsi istiqamətində bu sənəncamların böyük rolu olmuşdur.

Məhz latın qrafikalı ədəbiyyatın nəşr olunub kitabxanalara paylanmasından sonra Elektron Məlumat (Verilənlər) bazasına daxil olmuş hesabatların və ezamiyyələrin nəticələrinin təhlili göstərmişdir ki, məktəb kitabxanalarının da kitabla təminatı xeyli düzəlmişdir. Məktəb kitabxanalarının kitabla təminatının hal hazırkı vəziyyəti aşağıdakı sxemdə göstərilmişdir.

Respublika üzrə ümumtəhsil məktəb kitabxanalarının fondunun miqdarı və oxucuların sayı aşağıdakı cədvəldə göstərilmişdir.

Eyni zamanda yaradılmış Məlumat (Verilənlər) bazası əsasında “Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti 2003” adlı məlumat kitabı da çap edilmişdir.

Kitabxana əməkdaşları İFLA-nın (İnternational Federation of Library Associations - Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyası) materialları əsasında üç dildə (ingilis, rus, azərbaycan) “Məktəb kitabxanaları haqqında manifest” (2003-cü il) hazırlamış və nəşr etdirmişdir. 

Eyni zamanda “1-4 sinif şagirdləri üçün kitabxana - biblioqrafiya və infor­ma­siya bilikləri Proqramı” (2003),  “Məktəb kitabxanala­rın­da işin təşkili”(2003) adlı vəsaitlər də nəşr olunaraq  məktəb kitabxana­la­rı­na göndərilmiş­dir.

Respublikamızda kitabxanaların vəziyyəti, problemləri həmişə dövlətimizin nəzarətində olmuş və bu sahənin inkişafı üçün lazımı sərəncamlar verilmişdir. Respublika kitabxanalarında latın qrafikalı ədəbiyyatın çatışmamazlığını nəzərə alaraq 12 yanvar 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında Sərəncam imzalamışdır. Bu sərəncamdan  sonra nəşr olunan kitablar respublikanın bütün kitabxanalarına, o cümlədən məktəb kitabxanalarına da təmənnasız olaraq paylanmışdır.

Təhsil Nazirliyi sisteminin kitabxanalarının real vəziyyətinin öyrənilməsi məqsədilə təhsil nazirinin 19 oktyabr 2004-cü il tarixli, 782 nömrəli əmrinin 4-cü bəndinə müvafiq olaraq Təhsil Nazirliyinin bir qrup əməkdaşı ilə birlikdə REPK-nın metodistləri Respublikanın 14 rayonunda ezamiyyədə olmuşlar. Ezamiyyələrin nəticəsində təqdim olunmuş arayışlar əsasında REPK-nın əməkdaşları Təhsil Nazirliyinin kollegiya iclasına təqdim olunmaq üçün ümumiləşdirilmiş arayış hazırlamış və bu arayışlarda göstərilən bütün nöqsan və çatışmazlıqları aradan qaldırmaq məqsədilə REPK özünün İnkişaf Proqramını hazırlayaraq nazirliyə təqdim etmişdir.