Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Elmi fəaliyyət

2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutuna təyin edilmiş yeni rəhbərlik Təhsil Nazirliyinə müraciət edərək institutun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Respublika Elmi Pedaqoji Kitabxanasının yerləşmiş olduğu birinci korpusun ikinci mərtəbəsindən köçürülməsi məsələsini qaldırmışdır. Respublika Elmi Pedaqoji Kitbxanasının köçürülməsi  və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədilə Təhsil Naziri 20 aprel 2006-cı il tarixli, 268 nömrəli əmr imzalamışdır. Əmrin 1-ci bəndində deyilir:

1.Təhsil Nazirliyinin tabeliyində olan Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan Müəllimlər İnstitunun Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllə ünvanındakı binasının ikinci mərtəbəsindən ona birləşik olan digər korpusunun birinci mərtəbəsinə və zirzəmisinə köçürülsün və əmrə əlavə olunmuş çertyojda göstərilən sahədə (yeni bina ilə təmin olunana qədər) yerləşdirilsin.

Əmrin icrasına aprel ayından başlanılmış və REPK-nın köçürülməsi 2006-cı ilin sentyabr-oktyabr aylarında başa çatmışdır. Bütün bu çətinliklərə baxmayaraq REPK 2006-cı il üçün planlaşdırmış olduğu bütün işlərin yerinə yetirilməsinə nail olmuşdur.

2006-cı ildə REPK əməkdaşları görkəmli pedaqoq, tanınmış alim Rəfiqə Mustafayevanın biblioqrafik göstəricisinin üzərində işləmiş və nəşr etdirərək məktəb kitabxanalarına paylamışdır.

REPK 25 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlamışdır. Bu plan çərçivəsində kitabxana 25 illik fəaliyyətini əks etdirən buklet hazırlanmış və Respublikanın bütün təhsil şöbələrinə göndərmişdir. Kitabxananın 25 illik yubileyi münasibətilə keçirilən tədbirdə Təhsil Naziri prof. Misir Mərdanov, Təhsil Nazirinin müavini prof. İ.Hüseynova və Elm şöbəsinin müdiri xanım G.Hüseynova iştirak etmiş, kitabxananın direktoru xanım T.Ə.İsmixanova “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə, REPK-nın bir sıra əməkdaşları isə nazirliyin “Fəxri Fərman”ları ilə təltif edilmişdilər

Respublikamızda Mədəniyyət və Turizm Nazirliyindən sonra ən böyük kitabxana şəbəkəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsusdur. Son on ildə ölkəmizdə gedən təhsil islahatları ilə yanaşı bu şəbəkə ən çox dəyişikliklərə yeniləşməyə və təkmilləşməyə məruz qalmaqla daha çox inkişafa nail olmuşdur. Təhsil kitabxanalarının şəbəkəsi çoxalmaqla onların qarşısında duran vəzifələrində,  işinin məzmununda da dəyişikliklər baş vermiş yeni kitabxanalar şəbəkəsi meydana gəlmişdir. Kitabxana fəaliyyətinin məktəblərin dinamik təhsil fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi formalaşması təhsil prosesinə daha dərindən nüfuz etməsi üçün şərait yaratmışdır.

REPK bu illərdə fondunu formalaşdırıb, təkmilləşdirməklə, geniş oxucu kütləsinə kitabxana informasiya xidməti göstərməklə yanaşı təhsil kitabxanalarının elmi metodik mərkəzi kimi də böyük fəaliyyət göstərmişdir. Kitabxana müstəqillik illərində oxuculara xidmət işini, pedaqoji ədəbiyyatın təbliği ilə yanaşı, müstəqilliyimizə, milli idealogiyamıza, Azərbaycan tarixinə, soy kökümüzə, xalqımızın mədəniyyətinə, vətənpərvərlik tərbiyəsinə, hüquqi biliklərinin artmasına dair ədəbiyyat təbliğini ön plana çəkmişdir. Məhz buna görədir ki kitabxananın oxucularının sayı çoxalmış,  kitab verilişi daim artmışdır.

REPK respublika əhəmiyyətli elmi kitabxana statusuna malik olduğu, təhsil problemlərinə dair aparılan elmi tədqiqat işlərinə xidmət etdiyi üçün böyük audiovizual və dövri mətbuat fonduna malikdir və dövrün tələblərinə cavab vermək üçün bu fondu daim təkmilləşdirir. Bu məqsədlə fondda avtoreferatlar, dissertasiyalar, pedaqogika və psixologiya sahələrinə aid elmi tədqiqat hesabatları, mirkorentlər, mikrofişlər saxlanılır. REPK eyni zamanda hüquqi biliklərin artmasına dair ədəbiyyatları əldə etmiş və xüsusi bölmə yaratmışdır.

Kitabxana oxuculara kitabxana-informasiya xidmətini günün tələbləri səviyyəsində təşkil etmək məqsədilə ənənəvi forma və üsullardan istifadə etməklə işində ardıcıl olaraq islahatlar aparır, yeni metodlardan istifadə edir, xidmət prosesini təkmilləşdirir və yeniləşdirir. Kitabxananın son illərdəki nəşriyyat fəaliyyəti də xidmət prosesinin yeniləşdirilməsinə yönəldilmişdir. Kitabxanada aparılan məlumat-biblioqrafiya və informasiya işinin təşkili, biblioqrafik göstəricilərin və tövsiyyə siyahılarının tərtib edilməsi və nəşri oxucular üçün çox böyük məlumat mənbəyinə çevrilmişdir. Elm və təhsilin müxtəlif sahələrinə, ayrı-ayrı elm və maarif xadimlərinə həsr edilmiş belə biblioqrafik vəsaitlər oxucuların elmi araşdırmalarına kömək etməklə yanaşı informasiya daşıyıcısı kimi də onların sorğusunun ödənilməsinə kömək edir. Öz statusuna görə Respublika ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsil müəssisələrinin metodik mərkəzi hesab edilən REPK-da elmi metodik şöbə fəaliyyət göstərir ki, bu şöbədə bilavasitə təhsil sistemi kitabxanalarının metodik təminat sistemini təşkil edən metodistlər fəaliyyət göstərir. Bu metodistlər təhsil sistemi kitabxanalarının işini təşkil etmək, qabaqcıl iş təcrübəsini ümumiləşdirib yaymaq, kitabxana sahəsində baş verən yeni forma və üsullarını müəyyənləşdirmək, kitabxana işinə dair metodik vəsaitlər tərtib edərək metodik işləri həyata keçirtmək funksiyalarını yerinə yetirirlər.

Artıq müasir oxucuların tələbatı dəyişmişdir. Bu əsasən texnoloji proseslərin bilavasitə sürətli inkişafı ilə əlaqələndirilir. Lakin unutmaq lazım deyil ki, texnoloji proseslərin inkişafı da bilavasitə insanın qazanmış olduğu bilik və uğurların nəticəsidir. Belə bir nəticəyə gəlirik ki, oxucu tələbatının dəyişməsi insan şüurunun dinamik şəkildə inkişafı ilə bağlıdır. Bu inkişafın isə necə baş verdiyini yenə də insanın bilik və qabiliyyəti, təxəyyülü aşkarlaya bilər.