Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kolleclərdə kecirilən monitorinq və treninqlərin yekun hesabatı.

Azərbaycan Respublikasının Təhsil Nazirinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının elektron kitabxana şəbəkəsinin genişləndirilməsi barədə 4.7.1.2-ci, 4.7.1.3-cü və 4.7.1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanaların qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” 849 nömrəli əmrinə əsasən yaradılmış işçi qrupu tərəfindən Orta ixtisası təhsil müəssisələrində keçirilmiş monitorinqin nəticələri haqqında

      HESABAT


Azərbycan respublikasında Təhsil Nazirliyi sistemində olan kitabxanaların xüsusi yeri vardır. Bu kitabxanalar Azərbaycanda elmin, təhsilin, xüsusilə də yüksək və orta ixtisaslı  kadr hazırlığında əsas aparıcı elmi mənbə rolunu oynayır. Son illər Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və ölkənin milli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyasını təmin edilməsi istiqamətində bir çox işlər görülmüşdür. İlk öncə ölkəmizdə İKT-nin təhsil sisteminə tətbiqi sahəsində hüquqi baza yaradılmışdır. Bu istiqamətdə qəbul edilmiş dövlət sənədləri içərisində xüsusilə 2 sənədi qeyd etmək olar. Bunlar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyul tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” dır.  Birinci proqramda əhalinin bütün təbəqələrindən olan insanlara keyfiyyətli təhsil almaq imkanlarının yaradılması üçün İKT-nin təhsilin bütün pillələrində geniş tətbiqi ilə vahid informasiya təhsil mühitinin formalaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyən edilmişdir. Strategiyanın isə məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müasir təhsilin inkişafında beş strateji istiqamət müəyyən olunur. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil və s. kimi tədbirləri ehtiva edir.

29 İyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının elektron kitabxana şəbəkəsinin genişləndirilməsi barədə 4.7.1.2-ci, 4.7.1.3-cü və 4.7.1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanaların qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” 849 nömrəli əmr imzalamışdır. Əmrin icrası Respublika Elmi Pedaqoji Kitabxanasına həvalə olunmuşdur.

Təhsil Nazirinin əmrinin icrasını təmin etmək məqsədilə Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru T. Ə. İsmixanova Bakı şəhəri üzrə orta ixtisas təhsili müəssisələrində kitabxanaların mövcud vəziyyətinin (kitab fondları, maddi-texniki baza, kadr potensialı və s.), elektron dərsliklərin və kataloqların yaradılması işinin monitorinqi həyata keçirilməsi məqsədilə Təhsil Nazirinin 29.07.2015-ci il tarixli 849 nömrəli “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanaların qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” əmrini və Respublika Elmi Pedaqoji Kitabxanasının “Nizamnaməsi”nin 3.8-ci bəndini rəhbər tutaraq 12 oktyabr 2015-ci il tarixli 46 nömrəli əmr imzalamışdır. Həmin əmrə əsasən 5 nəfərdən ibarət yaradılmış işçi qrupu Bakı şəhərində  və regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinə ezamiyyə olunmuşlar.

Təhsil Nazirinin əmrinə əsasən yaradılmış işçi qrupu 4 ay müddətində Təhsil Nazirliyi sisteminə daxil olan Bakı şəhəri və regionlarda fəaliyyət göstərən 40 orta ixtisas təhsili müəssisəsində ezamiyyədə olmuşdur. Monitorinq zamanı bu orta ixtisas təhsili müəssisələrinin  çağdaş tələblərə uyğunluğu, maddi texniki bazası, fondu, fəaliyyətini tənzimləyən hüquqi və və texniki sənədlər, kadr potensialı və s. haqqında ətraflı məlumat əldə olunmuş, elektron dərsliklərin və kataloqların yaradılması işinin monitorinqi keçirilmiş,  ekspert dəyərləndirilməsi aparılmışdır. Eyni zamanda Təhsil Nazirinin 849 nömrəli əmrinin 3-cü bəndinə əsasən Respublika Elmi Pedaqoji Kitabxanasının bazası əsasında “Kitabxana sistemlərinin avtomatlaşdırılması  və ənənəvi kitabxanaçılıq” mövzusunda treninqlər təşkil olunmuşdur.

Monitorinq  zamanı aşağıdakı monitorinq metodlarından istifadə olunmuşdur:

Sənədlərin toplanması və öyrənilməsi;

Kontent analiz;

Müqayisəli ekspert dəyərləndirməsi;

Müsahibə üsulu;

Müşahidə.

Monitorinqə cəlb ediləcək obyektlər müəyyən edilmiş, güman edilən sənədlərin mövcudluğu araşdırılmış, təhlil edilmişdir.

Monitorinqə cəlb edilmiş qurumlar:

Azərbaycan Dövlət Pedaqoji Kolleci

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Maliyyə İqtisad Kolleci

Azərbaycan Dəniz Balıq Sənaye Kolleci

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci

Bakı Sosial Pedaqoji Kolleci

Bakı Sənaye Pedaqoji Kolleci

Bakı Humanitar Kolleci

Bakı Sosial Pedaqoji Kolleci

Bakı Qida Sənaye Kolleci

Bakı Dövlət Rabitə Və Nəqliyyat Kolleci

Bakı Texniki Kolleci

Bakı Dövlət İqtisadiyyat və Humanitar  kolleci

Bakı İdarəetmə və Texnologiya Kolleci

Bakı Dövlət Sosial İqtisadi Kolleci

Bakı Neft Energetika KolleciBakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

Bakı Kompüter Kolleci

Sumqayıt Dövlət Texniki Kolleci

Sumqayıt Musiqi Kolleci

Şuşa Humanitar Kolleci

Şuşa Musiqi Kolleci

Ağdaş Dövlət Humanitar Kolleci

Ağcabədi Pedaqoji Kolleci

Quba Dövlət Sosial İqtisad Kolleci

Şəki Pedaqoji Kolleci

Şəki Musiqi Kolleci

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Qazax Dövlət Sosial İqtisad  Kolleci

Şamaxı Humanitar Kolleci

Gəncə Dövlət Humanitar Kolleci

Şamaxı Dövlət Sənaye  İqtisad Kolleci

Lənkəran Dövlət Humanitar Kolleci

Şəki Dövlət Texniki Kolleci

Sabirabad Dövlət Sosial İqtisad Kolleci

Gəncə Texniki Kolleci

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci

Orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına ezamiyyələr zamanı məhz bu kitabxanalarda kitabxana-informasiya xidmətinin formal və real mövcudluğu araşdırılmış, təhsilin məzmununa təsiri, uğur səviyyəsindən və aldığı qiymətlərdən asılı olamyaraq hər bir tələbənin təhsilində və formalaşmasında nə dərəcədə hansı rola sahib olduğu müəyyənləşdirilmişdir. Kitabxanaların monitorinqi zamanı onların yerləşdiyi bina vəziyyəti, çağdaş tələblərə uyğunluğu nəzərdən keçirilmişdir. Onların  kadr təminatı, kitab fondu, maddi-texniki bazasının müasir tələblərə cavab verib-verməməsi yoxlanılmışdır. Monitorinq üçün hazırlanmış yaddaşa  daxil olan suallara əsasən kitabxanaçıların təhsili, peşə bacarıqları, maddi-texniki təminat və  İKT-sahəsində görülən işlər haqqında ətraflı məlumatlar əldə olunmuşdur.

Orta ixtisas təhsili müəssisələri kitabxanalarının istifadəçilərinin (müəllim və tələbələrin) sistemli rəsmi təhsilini və fasiləsiz təhsil mühitini təmin etmək üçün dolğun fonda malik kitabxanaların yaradılması əsas şərtdir. Təhsil sistemində aparılan islahatlar dövründə Təhsil Nazirliyi sisteminə daxil olan kitabxanaların fondunda olan ədəbiyyatlar keçid dövrünün qanunauyğunluqlarına əsasən təhlil edilmiş, köhnə cəmiyyətin ideyalarını tərənnüm edən yararsız nəşrlər kitabxana fondlarından çıxarılmışdır. Bugünkü reallıqla səsləşən: elmi-texniki, bədii, ictimai-siyasi, sosial-mədəni ədəbiyyat xəzinəsi ilə əvəz edilmişdir.

Keçirilən monitorinq zamanı müəyyən olunmuşdiur ki, Bakı Sumqayıt və Xırdalan şəhəri üzrə orta ixtisas təhsili müəssisələrinin kitabxana fondlarında  təxminən 389428  nüsxə kitab, regionlar üzrə təxminən 288340 nüsxə kitab vardır. Bu kitabların sırasına həm kiril, həm də latın qrafikalı əlifba ilə dərc olunmuş nəşrlər daxildir. Fondlarda olan kitabların böyük qismi kiril qrafikası ilə nəşr olunmuş ədəbiyyatdır. Monitorinq keçirilmiş Göyçay Dövlət idarəetmə və Texnologiya Kollecinin kitabxanası 30000,  Gəncə Texniki Kolleci 87847 nüsxə, Şamaxı Dövlət İqtisad Kolleci 22906 nüsxə kitab fonduna malikdir. Bu kitabların böyük qismi kiril qrafikası ilə nəşr olunmuş və məzmunca yararsız olan nəşrlərdir. Bu vəziyyət Bakı şəhərində yerləşən bəzi orta ixtisas təhsili müəssisələri üçün də xarakterikdir. Kitabxanaların məzmunca yararsız və siyasi əhəmiyyətini itirmiş ədəbiyyatla yüklənməsi fondların həddindən artıq yüklənməsinə, oxucular və kitabxanaçıların istifadəsində çətinliklərə səbəb olur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki,  bu  bu fondlara məxsus olan kitabların böyük qismi bədii ədəbiyyata aiddir, təhsil müəssisələrinin profilinə uyğun olan  elmi, elmi-kütləvi və tədris-metodik ədəbiyyat isə az saydadır.  Bakı Kompüter Kollecinin kitabxanasında olan 5597 nüsxə kitab fondunda 1000 nüsxə dərslik, Bakı Humanitar Kollecinin kitabxanasında 23830 nüsxə kitab fondunda 1205 ədəd dərslik vardır. Bu vəziyyət digər təhsil müəssilərinin kitabxanaları üçün də xarakterikdir.  Bəzi orta ixtisas təhsili müəssisələrinin rəhbərləri problemi həll etmək və tələbatı təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirmişlər. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Kollecində kollec müəllimlərinin müəllifi olduğu dərslik və metodik nəşrlərin elektron variantları kollecin saytında “elektron kitabxana” başlığı altında yerləşdirilmişdir. Bu kitabxanada 2400 elektron kitab vardır. Həmçinin, Bakı Sənaye Pedaqoji Kollecində  dərsliklərin elektron variantı saytda yerləşdirilərək tələbələrin istifadəsinə verilmişdir. Lakin orta ixtisas təhsili müəssisələrinin əksətiyyətində müəllim və tələbələrin istifadəsi üçün kitabxanalarda lazımı nəşrlər çatışmır. Xüsusilə elektron kitablar, elektron dərsliklər və dərs vəsaitləri, tədris prosesində istifadə etmək üçün resurslar kitabxanalarda yox dərəcəsindədir. Bu da şübhəsiz ki, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə mütaliəyə marağın azalmasına səbəb olur.

Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki təminatı sahəsində də vəziyyət müxtəlifdir. Bəzi təhsil müəssisələrinin binası yeni təmir olunmuş müasir standartlara cavab verən yeni kitabxanalar yaradılmış, müasir tipli oxu zalları təşkil olunmuşdur. Bakı Texniki Kollecində, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində, Bakı Neft Energetika Kollecində Bakı Humanitar Kollecində, Bakı Sənaye Pedaqoji Kollecində, Azərbaycan Dəniz Balıq Sənaye Kollecində kitabxana üçün böyük otaqlar ayrılmış, yeni tipli oxu zalları təşkil edilmişdir. Həmçinin, kitabxanaların maddi-texniki bazası yenilənmiş, oxu zalı və fond üçün yeni avadanlıq, alınmış, yeni kompüterlər və kitabxana texnikası sifariş verilmişdir. Lakin maddi- texniki bazası qənaətbəxş olmayan kitabxanalar da  vardır. Məsələn,  Şuşa Humanitar Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şuşa Musiqi Kolleci, Bakı Kompüter Kolleci, Bakı Qida Sənayesi Kolleci və s. müəssisələrdə kitabxana üçün lazımı şərait yaradılmamışdır. Həmin təhsil müəssisələrinin kitabxanaların nə fond və nə də oxu zalı üçün sahəsi yoxdur.

Qeyd etmək lazımdır ki, ən yaxşı təmin olunmuş kollec kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir. Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyət kitabxanalar üçün bina şəraitinin yararsız vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə qurulmaması, kadrların peşə hazırlığının aşağı olması, kollecin profilinə uyğun tədris-metodik ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər alınmaması, beynəlxalq əlaqələrin zəifliyi bu kitabxanaların inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar kollec kitabxanalarının istifadəçilərinin oxucularının informasiya təminatı sistemində ciddi problemlər yaradır. Bu kitabxanaların həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Kitab fondlarının bərpa işləri aparılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin fondunda olan nadir rəsm  əsərləri və not nəşrlərinin bərpası və yenidən hazırlanması vacib problemdir.

Müasir təhsil sistemi üçün müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bu sahədə latın  qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan elmi cəhətdən əhəmiyətli və nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar tələbə və müəllimlər, alim və tədqiqatçılar tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır.

Monitorinq nəticəsində məlum olmuşdur ki, ümumilikdə Təhsil Nazirliyi sisteminə  daxil olan 40 orta ixtisas təhsili müəssisəsində 87 kitabxanaçı kadr fəaliyyət göstərir.

Bakı, Xırdalan və Sumqayıt şəhərləri üzrə orta ixtisas təhsili müəssisələrinin kitabxanalarında fəaliyyət göstərən 47 kitabxanaçı kadrdan 20-si kitabxana işi üzrə ixtisas təhsilli kadrdır. Bu kadrlardan 9-u ali ixtisas təhsilli, 11-i orta ixtisas təhsilli, 16 ali-qeyri ixtisas  təhsill, 9 nəfəri qeyri-orta ixtisas təhsilli kadrlardır.

Regionlar üzrə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində çalışan 40 kitabxanaçı kadrdan 2-si ali ixtisas, 8-i orta ixtisas, 16-sı ali qeyri-ixtisas, 18-i orta qeyri-ixtisas təhsillidir.

Monitorinq keçirilmiş Orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçünTəhsil Nazirinin 849 nömrəli əmrinin 3-cü bəndinə əsasən Respublika Elmi Pedaqoji Kitabxanasının bazası əsasında “Kitabxana sistemlərinin avtomatlaşdırılması və ənənəvi kitabxanaçılıq” mövzusunda treninqlər təşkil olunmuşdur. Treninqlərdə Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 41 nəfər kitabxanaçı iştirak edib. Regionlar üzrə keçirilən treninqlərdə  20 nəfər kitabxanaçı iştirak etmişdir. 10 müddətinə keçirilən treninqlərdə kitabxanaçılara İnternet haqqında ümumi məlumat, İRBİS – 64 kitabxana proqramı, ACCESS proqramı əsasında verilənlər bazası yaradılması, ALİSA kitabxana portalı, Elektron kataloq, elektron resurslar yaradılması və s. mövzularda təlimlər keçirilmişdir. Eyni zamanda kitabxanaçılara ənənəvi kitabxana işi üzrə fondun komplektləşdirilməsi, plan və hesabatların hazırlanma qaydaları, kataloq və kartoteka sisteminin təşkili və s. mövzularda yeni biliklər çatdırılmışdır. Treninqlər zamanı kitabxanaçılar peşə bacarıqlarını inkişaf etdirmiş, yeni informasiya texnologiyaları və kompüter sahəsində səriştələrini artırmağa müvəffəq olmuşlar.

 

Zəruri qeyd: İsmayıllı Dövlət Humanitar və Texniki Kollecinin və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin binası olmadığı üçün kitabxanası yoxdur.

Bakı Dövlət Rabitə Nəqliyyat Kollecində əsaslı təmir aparıldığı üçün  kitabxanada monitorinq aparılması mümkün olmadı

Monitorinqin nəticəsi kimi aşağıdakılar təklif olunur:

 

·         Kitabxanalarda elektron nəşrlərdən cari vaxtda nisbətən daha intensiv istifadə edilməsini təmin etmək üçün  kağız sənəd formalarının elektron nəşrlərlə əvəz olunması.

·         Kitabxanaların fonduna və qlobal informasiya resurslarına uzaq məsafədən müraciət imkanının yaradılması.

Tələbələrin yerli, regional, milli və beynəlxalq resurslara daxil olmasını təmin etmək, eləcədə də istifadəçilərə müxtəlif ideya təcrübə və fikirlər verə biləcək bütün digər imkanlarından istifadə etməyi təmin etmək;
·         Orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə kontingentinin tələbatını ödəmək üçün yeni dərslik və tədris-metodik vəsaitlərin ənənəvi və elektron nəşrlərinin həyata keçirilməsi və kitabxana fondlarına çatdırılması

·         Kitabxana fondlarının əsas hissələrinin, dərsliklərin və dərs vəsaitlərinin, yüksək elmi dəyərə malik olan, unikal və ya orijinal  materialların  elektronlaşdırılması üçün  kitabxanaların lazımı avadanlıqla təmin olunması.

·         Kitabxanaların oxu zallarında və xüsusi saytlarında istifadəçilərin test banklarına, mətnlərə, fotoşəkillərə, plakatlara, interaktiv təlim və multimediya materiallarına müraciət etmək imkanının  təmin edilməsi.

·         Kitabxanalarda mədəni, sosial, özünüdərk və emosional inkişafa kömək edən tədbirlərin təşkil edilməsi.

·         Kitabxanaya məxsus saytın yaradılması;

·         Digər kitabxanalrın avtomatlaşdırılmış kitabxana sistemləri sahəsində təcrübəsinin öyrənilməsi və kitabxanalarda tətbiq edilməsi;

·         Fakültələrin profilinə uyğun elektron resurs banklarının yaradılması və oxucuların online rejimdə istifadəsinin təmin edilməsi;

·         Kitabxanaların nəzdində informasiya resurs mərkəzinin yaradılması və müvafiq avadanlıqla təchiz olunması;

·         Ənənəvi kataloq-kartoteka sisteminin təkmilləşdirilməsi;

Orta ixtisas təhsili müəssisələrinin kitabxanalarında işləyən xüsusi təhsili olmayan kitabxanaçılar üçün idarəçilik bacarıqları və kitabxana innovasiya  təcrübəsi ilə tanışlıq üzrə kursların təşkili.
Orta ixtisas məktəblərinin kitabxanaçıları arasında qeyri-formal təhsil kanalları üzrə biliklərin operativ aktuallaşdırılması (konfranslar, seminarlar, müşavirələr, ideya  yarmarkaları, dəyirmi masalar, peşə tanışlığı turları və s.).
Təhsil Nazirliyi sisteminə daxil olan kolleclərin elektron kitabxanalarının yaradılması üçün elektron kitabxana idarəetmə - ALİSA (Automated Library Information System of Azerbaijan-) proqram təminatının -Azərbaycanın avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin  quraşdırılması və tətbiqi.