Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin REPK haqqında rəyi

Respublika Elmi Pedaqoji Kitabxanasının “XXI əsr Təhsil Mərkəzi İctimai Birliyi”nə təqdim etmək üçün REPK-nın fəaliyyəti və Elektron Məlumat Bazası əsasında Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin kitabxanalarını

 

Dünyanın əksər ölkələrində cəmiyyətə göstərilən kitabxana xidmətinin, sənəd-informasiya təminatının təşkilinə və inkişafına həm rəsmi orqanlar, həm işgüzar dairələr, həm də qeyri-hökumət təşkilatları tərəfindən böyük diqqət və qayğı göstərilir. İnkişaf etmiş ölkələrdə kitabxanalara vətəndaşların informasiyaya azad müyəssərlik hüququnun reallaşdırıldığı bir məkan kimi yanaşmaqla yanaşı, həm də mühüm mədəniyyət və tərbiyə ocağı kimi də xüsusi əhəmiyyət verilir. Kitabxanalar cəmiyyətin əsas sosial tələbatını yerinə yetirmək üçün yaradıldığından onun həyata keçirdiyi funksiyalar da bilavasitə sosial xarakter daşıyır. Tarixə nəzər saldıqda məlum olur ki, kitabxanalar həmişə cəmiyyətə onun qayda qanunlarına, ideologiyasına, mədəniyyətinə, mənəviyyatına, əxlaqına, xidmət etmiş, cəmiyyət üzvlərinin təhsilində, tərbiyəsində, mənəvi və intelketual inkişafında yaxından iştirak etmişlər. Kitabxanalar yarandığı gündən bu günə kimi təhsillə bağlı olmuş, təhsil prosesinə xidmət etmişdir. Məhz buna görədir ki, kitabxanaları bütün təhsil müəssisələrinin bir saylı laboratoriyası hesab edirlər. Müasir dövrdə təhsil prosesində yeni model formalaşmaqdadır. Ölkənin sosial-iqtisadi, sosial-mədəni həyatındakı kordinal dəyişikliklər tədrisdə metodoloji prioritetlərin yaranmasına, tədrisdə yeni fəlsəfənin inkişafına, bütün tədris sistemini əhatə edən güclü yeniləşmə dalğasının əmələ gəlməsinə səbəb olmuşdur. Bu sistemdə humanitarlaşdırma, humanistləşmə, fundamentallaşdırma, diversifikasiyalaşdırma, təhsilin informasiyalaşdırılması kimi tendensiyalar meydana gəlmişdir. Bu gün təhsil kitabxanaları təhsil işçilərinin öz axtardıqları məlumatları tapmağa müvəffəq olduqları bir müəssisə, şagirdlərin və müəllimlərin şəxsi təhsil bazası kimi qiymətləndirilir. Bu kitabxanalar rəsmi təhsilə xidmət etməklə yanaşı, şəxsi təhsilin və fasiləsiz təhsilin vasitəsi kimi də çıxış edirlər. 2000-ci ildə İsrailin Qüds şəhərində keçirilmiş konqresdə İFLA (İnternational Federation of Librari Associations and İnstitutions - Kitabxana Assosiasiyalarının Beynəlxalq Fedarasiyası) və YUNESCO (United  Nations Educational, Scientific and Cultural Organization–Təhsil Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) tərəfindən - “Məktəb kitabxanaları haqqında manifest” qəbul edilmişdir. Həmin Manifest BMT-nin insan hüquqları və azadlıqları barədə ümumdünya bəyannaməsinə əsaslanır. Burada məktəb kitabxanalarının işi təhsil sisteminin ayrılmaz sahəsi, kütləvi kitabxanalar və informasiya sistemlərinin isə bir hissəsi hesab edilir. Vəsaitin “Manifestin həyata keçirilmə prinsipləri” adlı bölməsində deyilir: Hökumət Manifestin prinsiplərinin həyata keçməsi üçün təhsilə cavabdeh nazirlər vasitəsilə planlaşdırma, strategiya və siyasəti inkişaf etdirsməlidir. Eyni zamanda, manifestdə göstərilən ideyanı müəllim və kitabxanaçıların peşə təhsili sistemi vasitəsilə həm ixtisasının artırılması, həm də baza kursları kimi daxil etməklə inkişaf etdirməlidir. Manifestdə məktəb kitabxanaları təhsil proqramalarını, kitab və başqa informasiya vasitələrini məktəb kollektivlərinin üzvlərinə təqdim etməklə, onları bütün növ informasiyadan tənqidi və effektli istifadəyə təhrik edən vasitə kimi göstərilir. Həmçinin, burada məktəb kitabxanalarının məqsəd və vəzifələri ayrı-ayrı bölmələr daxilində ətraflı şərh olunmuşdur.

Manifestdə bu kitabxanaların ixtisasçılarının əsas vəzifələri belə izah edilir: kitabdan, başqa informasiya mənbələrindən, bədii və sənədli, nəşr və elektron informasiya, lokal və məsafəli informasiyalardan istifadəni təmin etmək, dərslik və tədris materiallarında əks etdirilən məlumatları daha da dolğunlaşdırmaq.

Hər bir məktəb kitabxanaçısı şagirdlərin şəxsi təhsilində işirak edir və onun həyata keçirdiyi iş sırf pedaqoji xarakter daşıyır. Bununla əlaqədar olaraq demək olar ki, tədrisdə layihə-yaradıcı modellər işlənib hazırlanır. O fikir təsdiq edilir ki, təhsil təkcə “şəxsi istiqamətli” deyil, “şəxsi – inkişaf edən” olmalıdır.

Respublikamızda uşaqlara xidmət etmək üçün uşaq kitabxanaları, gənclər üçün gənclər kitabxanaları və əhaliyə bütövlükdə xidmət etmək üçün kütləvi kitabxana şəbəkələri vardır. Ancaq respublikanın kitabxana sistemində olan kitabxanaların yarıdan çoxu Təhsil Nazirliyinin kitabxana şəbəkəsinin payına düşür. Bu kitabxanalara metodik rəhbərlik Respublika Elmi Pedaqoji Kitabxanası (bundan sonra REPK-a) tərəfindən həyata keçirilir. REPK-a respublikada ümumtəhsil məktəb kitabxanalarının fəaliyyətini əlaqələndirmək və metodik rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan KP MK-nın və Azərbaycan  Respublikasının Nazirlər Sovetinin “Azərbaycan SSRİ-də xalq maarifinin inkişaf etdirilməsi haqqında”   24 iyun 1982-ci il tarixli 335 № li birgə qərarına əsasən yaradılmışdır.  500000 nüsxədən çox fonda malik olan REPK-a respublika əhəmiyyətli elmi sahəvi kitabxanadır. Kitabxana metodik mərkəz olmaqla yanaşı həm də oxuculara xidmət işini həyata keçirir. Kitabxananın  20 min oxucusu var, bunlardan 8 mini Azərbaycan Müəllimlər institutun tələbə və müəllim heyətidir, 12 mini isə digər təhsil müəssisələrinin əməkdaşları, elmi işçilər və s. təşkil edir.

REPK-nın 1983-1993-cü ildə qəbul olunmuş Əsasnaməsinə əsasən  3 may 2002-ci ilin tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Respublika Elmi Pedaqoji Kitabxanasının Nizamnaməsi” təsdiqlənmişdir. Həmin Nizamnamədə deyilir: REPK-a Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil, peşə məktələri, orta ixtisas təhsili müəssisələrinin kitabxana şəbəkəsinə məlumat-biblioqrafiya və kitabxana xidmətini həyata keçirən elmi-metodik əlaqələndirmə mərkəzidir, respublika üzrə vahid elmi-məlumat və informasiya sisteminə daxildir. REPK-a Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil, peşə məktəbləri, orta ixtisas təhsili müəssisələrinin kitabxana şəbəkəsi strukturunun təkmilləşdirilməsi və ya dəyişdirilməsi barədə Təhsil Nazirliyinin rəhbərliyinə təkliflər verir. Məsələn, 2000-ci ildə REPK-a təhsil sistemində gedən dəyişiklikləri və təkmilləşdirmə islahatlarını nəzərə alaraq ümumtəhsil məktəblərinin kitabxanalarının fəaliyyətini təkmilləşdirmək məqsədilə ümumtəhsil məktəblərinin kitabxanaları üçün “Əsasnamə” hazırlamışdır. Əsasnamə 08.02.2000-ci ildə Təhsil Nazirliyinin 133 saylı əmri ilə təsdiq edilərək respublikanın bütün məktəb kitabxanalarına göndərilmişdir. REPK-nın əməkdaşları bölgələrdə ezamiyyələrdə olur, yerlərdə konfranslar, seminarlar keçirir metodik köməklik göstərirlər. REPK-a kitabxana işinin ayrı-ayrı təşkilati və texnoloji proseslərinə həsr edilmiş vəsaitlərlə yanaşı, məktəb kitabxanalarının işini əlaqələndirmək məqsədilə müvafiq normativ sənədlər hazırlayıb çap etdirir.

REPK-nın hazırladığı metodik vəsaitlər aşağıdakılardır:

·     Məktəb kitabxanası işinin planlaşdırılması. (1985)

·     Kitabxana-biblioqrafiya təsnifatı (məktəb kitabxanaları üçün qısaldılmış variantı). (1986)

·     Latın qrafikalı iki rəqəmli müəllif cədvəli. (1991)

·     Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaşdırılması işinin məzmunu və prinsipləri (1991)

·     Kitabxana işinə dair  normativ aktlar. (2002)

·     Məktəb kitabxanalarının manifesti (rus-azərbaycan dillərində).(2002)

·     Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş və istifadəyə yararsız məlumat daşıyıcılarının kitabxana və məlumat–informasiya fondlarından çıxarılması haqqında təlimat (2004)

·     Ümumtəhsil müəssisənin kitabxanaçısının fəaliyyət planı. (2004)

·     Ümumtəhsil müəssisəsi kitabxana işçilərinin vəzifə borcları. (2005)

·     Kitabxanaya daxil olan kitabların elmi və texniki işlənmə qaydası. (2006)

·     Universal Onluq Təsnifat (Ümumtəhsil müəssisəsi kitabxanaları üçün qısaldılmış variantı). (2006)

·     Kitabxana biblioqrafiya teminləri lüğəti. (2010)

·     Ümumtəhsil müəssisəsi kitabxanasında işin təşkili. (2010)

·     Ümumtəhsil müəssisəsində kitabxanaların texniki təşkilinə dair normativlər. (2011)

·     Metodik vəsaitlər toplusu. (2011)

·     Məktəb kitabxanaçılarının hüquq və vəzifələri. (2014)

·     Kitabxana işinə dair hüquqi normativ aktlar. (2015)

 

Onu da qeyd etmək lazımdır ki, bu vəsaitlər dövrün tələblərinə uyğun olaraq ayrı-ayrı illərdə yeni variantlarda işlənilmişdir.

Eyni zamanda REPK-a oxucu qruplarının maraq və sorğularının müxtəlif formalarla öyrənilməsində və ödənilməsində kitabxana işi üçün çox gərəkli olan profilinə uyğun illik biblioqrafik göstəricilər tərtib etmişdir:

·     Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Retrospektiv biblioqrafik göstərici. (1984-1990)

·     Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici.(1984-1991)

Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri).(1984-1990)

Rus dilində:

 

·     Библиографический указатель авторефератов кандидатских и докторских диссертаций. (1990)

·     Указатель диссертации и научно-исследовательских работ на микроносителях.  (1990)

Rus dilində tövsiyə biblioqrafik göstəricilər:

·     Библиотека учителя. Серия биология. (1984)

·     В помощь воспитателям дошкольных учреждении. (1986)

·     Русский язык и литература. (1988)

·     Библиотека учителя. Серия химия. (1990)

·     Внеклассное чтение школьников.  (1990)

 

Şəxsi biblioqrafik göstəricilər:

·     Əhməd Seyidov. Biblioqrafiya. (1990)

·     Mehdi Mehdizadə. Biblioqrafiya. (1992)

·     Akademik Rəfiqə Mustafayeva. (2006)

Təhsildə kitabxanaların rolunu nəzərə alsaq, ümumilikdə respublikada təhsilin, təlim-tərbiyə işinin yenidən qurulması və inkişaf etdirilməsinə yaxından köməklik göstərilməsi üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti haqqında geniş məlumatların öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. REPK-a bu işə hər zaman diqqət yetirmişdir. Belə ki,  1983-cü ildən başlayaraq kitabxanada məktəb kitabxanalarının statistik hesabatları əsasında kartoteka yaradılmışdı. REPK-nın əməkdaşları Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və İnformasiya” fakultəsinin elmi şurasının üzvləri ilə birlikdə Bakı şəhəri üzrə məktəb kitabxanalarında mütəmadi monitorinq keçirir, onların vəziyyəti ilə yaxından tanış olurlar.