Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Məktəb kitabxanalarının işinin təkmilləşdirilməsi və modernləşdirilməsi

Məktəb kitabxanalarının işinin təkmilləşdirilməsi və modernləşdirilməsi


Tamilla İSMİXANOVA,
Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru,

Səyyarə MƏMMƏDOVA,
Respublika Elmi Pedaqoji Kitabxanasının metodisti

Bu gün məktəb kitabxanaları təhsil işçilərinin öz axtardıqları məlumatları tapmağa müvəffəq olduqları bir müəssisə, şagirdlərin və müəllimlərin şəxsi təhsil bazası kimi qiymətləndirilir.  Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir: “təhsil və təlim hamı üçündür”. Buna görə də məktəb kitabxanalarının mütəxəssisləri hər kəsə və hamıya eyni yanaşma prinsipindən çıxış edirlər. Hər bir məktəb kitabxanası məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir.

Məktəb kitabxanalarının məqsədi təhsilalanların informasiyalaşdırılmış təhsili, cəmiyyətin gələcək üzvlərinin məsuliyyətli və fəal, etik prinsiplərə uyğun tərbiyəsidir. Məktəb kitabxanası aid olduğu təhsil ictimaiyyətinin tələblərinə cavabdehdir və bu cəmiyyətin hər bir üzvünə xidmət edir.

Məktəb kitabxanaçıları məktəb rəhbərliyi və müəllimlərlə birlikdə dərslik və təhsilə aid materiallardan ibarət kitabxana fondunun yaradılması və təkmilləşdirilməsi istiqamətində siyasəti həyata keçirir. Fondun idarə olunması siyasəti dərs planı və məktəb ictimaiyyətinin konkret tələb və maraqları ilə əsaslandırılmalıdır. Məktəb kitabxanası təlim və təhsil prosesinin tələbatını ödədiyi  üçün onu idarə edənlər də məktəb müəllimləri ilə eyni peşəkar təhsil və hazırlıq səviyyəsində olmalıdırlar. Həmçinin, məktəb kitabxanaları yerli istehsal olunmuş resurslarla yanaşı, məktəb kontingentinin tələbatına uyğun beynəlxalq səviyyədə istehsal olunmuş dünya xalqlarının ədəbi, elmi-mədəni irsini özündə əks etdirən və qədim xalqların oxşar cəhətlərini təmsil edən dövlət, etnik, mədəni, linqvistik və s. əhəmiyyətli resursları da almalıdırlar.

Məktəb kitabxanalarının kadr strukturu yerli kontekstdən, qanunvericilikdən, iqtisadi inkişaf səviyyəsindən və təhsil sisteminin infrastrukturundan asılıdır. Araşdırmalar göstərir ki, məktəb kitabxanasının işinin effektivliyinin əsas göstəricisi ixtisaslı peşəkar məktəb kitabxanaçısıdır. İFLA və UNESCO-nun birgə hazırladığı - “Məktəb kitabxanaları haqqında manifest”də bu kitabxanaların ixtisasçılarının əsas vəzifələri belə izah edilir: kitabdan, başqa informasiya mənbələrindən, bədii və sənədli, nəşr və elektron informasiya, lokal və məsafəli informasiyalardan istifadəni təmin etmək, dərslik və tədris materiallarında əks etdirilən məlumatları daha da dolğunlaşdırmaq.

Məktəb kitabxanaları təlim və təhsilə xidmət etdiyi üçün onların işi və yaradıcılığı peşəkar müəllimlərin hazırlığı ilə eyni səviyyədə nəzarətdə saxlanılmalıdır. Əgər məktəb kitabxanaçısı məktəbdə rəhbər rol oynayırsa, onun təhsili və hazırlığı da digər məktəb rəhbərlərindən aşağı olmamalıdır.  50 ildən artıq vaxt ərzində aparılan beynəlxalq araşdırmalar göstərir ki, məktəb kitabxanaçılarının məktəb kitabxanasının işi  və pedaqogika sahəsində rəsmi təhsili olmalıdır. Onlar təlimə aid zəruri kompleks tapşırıqların yerinə yetirilməsi üçün öz peşəkar bilik və bacarıqlarını, oxu və savadlılıq səviyyələrini rəsmiləşdirməli, məktəb kitabxanasının idarə olunmasında müəllim kontingenti ilə əməkdaşlıq etməlidirlər. Hər bir məktəb kitabxanaçısı şagirdlərin şəxsi təhsilində iştirak edir və onun həyata keçirdiyi iş sırf pedaqoji xarakter daşıyır. Bununla əlaqədar tədrisdə layihə-yaradıcı modellər işlənib hazırlanır. O fikir təsdiq edilir ki, təhsil təkcə “şəxsi istiqamətli” deyil, “şəxsi - inkişaf edən” olmalıdır. “İFLA-nın məktəb kitabxanalarına rəhbərlik” sənədində deyilir: “Məktəb kitabxanasının idarə olunması kitabxananı mütaliə, araşdırma və kollektiv yaradıcılıq mərkəzi kimi təsdiq edən dəqiq hazırlanmış konsepsiya çərçivəsində həyata keçirilməlidir. Məktəb kitabxanasının işini tam həyata keçirmək üçün rəhbərliyin müvafiq kitabxana konsepsiyası ilə dəstəyi mütləqdir”.

Məktəb kitabxanası təhsilə xidmət etməklə yanaşı, şəxsi təhsilin və fasiləsiz təhsilin vasitəçisi olmalıdır. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov 16 dekabr 2014-cü il tarixində  “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” müvafiq əmr imzalamışdır.

Məktəb kitabxanalarının problemlərini

təhlil edərkən məlum olur ki, onların əksəriyyəti yeni təhsil standartlarına, məktəb proqramlarının və pedaqoji kollektivin tələblərinə cavab vermək iqtidarında deyil. Əksər məktəblərdə,  xüsusilə regionlarda kitabxana avadanlığı (stol, stul, şkaf, kitabxana rəfləri və s.) çatışmır.  Məktəb kitabxanalarının sahəsi çox kiçikdir, fondun və oxu zalının təşkili üçün yer çatışmır. Məktəb kitabxanaları oxucu formulyarı və kataloq kartoçkaları ilə təmin olunmur. Kitabxana fondunu əks etdirən məlumat-biblioqrafiya aparatı yoxdur. Kitabxanalarda kütləvi tədbirlərin təşkili üçün vəsait ayrılmır və şərait yaradılmır.

Həmçinin, məktəb kitabxanalarının fondlarında oxucuların təlim-tədris prosesində tələbatını ödəmək üçün ənənəvi və rəqəmsal informasiya resursları da yox dərəcəsindədir. Məktəb kitabxanalarında olan kitabların elektron resurslara köçürülməməsi və online istifadəsinin təmin edilməməsi səbəbindən oxucular tərəfindən az istifadə edilir. Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir, müəllim və şagirdlərin tələblərini ödəmir. Ölkədə pedaqoji statuslu toplu elektron kataloqun, elektron kitabxananın yaradılmaması, təlim-tədris prosesinə xidmət edən lokal kitabxana şəbəkələrinin olmaması təhsil məkanına layiqli kitabxana-informasiya xidməti göstərməyə imkan vermir.

Müasir dövrdə respublikamızda aparılan təhsil islahatları orta məktəb kitabxana fondlarının təşkilində və indiki vəziyyətinin müasir tələblər baxımından  öyrənilməsini, ümumiləşdirilməsini, yeni elmi tövsiyələr və konsepsiyalar hazırlanmasını tələb edir. Bu məqsədlə məktəb kitabxanalarının işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun qurulması olduqca vacibdir. Bununla əlaqədar olaraq məktəb kitabxanalarının təhsil ictimayyətinin və məktəbin fəaliyyətinə kömək məqsədilə işinin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif olunur:

- Kitabxanaların şagirdlərin dünyagörüşünün artmasına kömək edəcək yaş səviyyələrinə uyğun hazırlanmış tövsiyə siyahılarına əsasən nəşrlərlə komplektləşdirilməsi;

- Kitabxanaların kitabxana texnikası, kompüter və İnternetlə təmin olunması;

- Elektron texnologiyaların köməyi ilə real zaman miqyasında fəaliyyət göstərən virtual sorğu xidmətinin yaradılması;

- Məktəb kitabxanası istifadəçilərinin sistemli (müəllim və şagirdlərin) rəsmi təhsilini və fasiləsiz təhsil mühitini təmin etmək,  İnternet zalların təşkili və biliklərin idarə edilməsi proseslərinin təmin edilməsi;

- Mütaliəyə marağın yaradılması üçün məktəb kontingenti arasında  Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası istiqamətində tədbirlərin və məktəblərdə “qiraətə yardım” layihələrinin  hazırlanması və həyata keçirilməsi;

- Mədəni ənənələrin qorunub saxlanılması (yaddaş) və onların  zənginləşdirilməsi məqsədilə kitabxanaları kütləvi tədbirlərin (diskussiyalar, konfranslar, viktorinalar və s.) keçirildiyi mərkəzə çevirmək;

- Təhsil siyasətinə uyğun olaraq 5 ildən bir yenilənən dərsliklərin nəşrlərinin repozitar mühafizəxanalarının yaradılması;

- Məktəb kitabxanalarının ənənəvi və elektron nəşrlərlə mütəmadi olaraq təmin edilməsi üçün məcburi nüsxə haqqında qanunun işlənib hazırlanması;

- Məktəb kitabxanalarının oxu zallarında və xüsusi saytlarında istifadəçilərin test banklarına, mətnlərə,  fotoşəkillərə, plakatlara, interaktiv təlim və multimedia materiallarına müraciət etmək imkanının  təmin edilməsi;

- Kitabxana işçilərinin şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında iştirakının təmin olunması;

- REPK-a tərəfindən regionlarda yeni istehsalat vəzifələrinin həlli zərurətinin yaranması ilə əlaqədar  problem  mahiyyətli və ya funksional -istiqamətlənmiş tədris kurslarının təşkili (qısamüddətli seminar və treninqlər);

- Təhsil islahatları şəraitində məktəb kitabxanalarına regional idarəetmə sistemi rayon (şəhər) təhsil şöbələrində kitabxanalara  ixtisaslı (metodist) nəzarət edənlərin  bərpası.