Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Şagird və tələbələrin internetdə yerləşdirilən hazır mövzulardan istifadəsi düzgündürmü?

Bu gün internet məkanında istənilən mövzu haqqında məlumat almaq mümkündür. Evimizi tərk etmədən internetə çıxışımız varsa hətta telefonlarımızdan belə informasiya qəbul etmək, paylaşmaq imkanlarna sahibik.

Əgər 10-15 il əvvəl şagirdlər, tələbələr inşa, referat, kurs və buraxılış işini yazmaq üçün kitabxanalara üz tuturdusa, hal hazırki dövrdə birçox tələbə və şagirdimiz istədikləri mövzulara uyğun materialı əldə etmək üçün internetə üz tutur. Və bunun nəticəsidir ki, hal hazırda təhsil ocaqlarında bir-birini təkrarlayan inşa, referat, kurs və buraxılış işləri mövcuddur. Bu cür fəaliyyətlər insan beyninin işini məhdudlaşdırır. Artıq gənclərin bir çoxu kitab oxuyub təhlil edib kitaba münasibətini öz fikirləri ilə şərh etmək əvəzinə internetdən onu maraqlandıran mövzunu axtarışa verir və aldığı məlumatı öz fikri kimi təqdim edir. Bununla gənclər vaxtlarına qənaət etdiklərini düşünürlər və belə qərara gəlirlər ki, bir halda onlar istədikləri məlumatları internetdən əldə edirlərsə deməli, saatlarla kitabxanada oturub kitab oxumağa, oxuduqlarını təhlil etməyə ehtiyac yoxdur.

Sizcə bu nə dərəcədə düzgündür? Çünki, insanların internetdən əldə etdikləri məlumatlar, bu materialları internetə daxil edən şəxslərin məhz kitablardan oxuduqları və oxuduqlarından özlərinin anladığı məğzin şərhidir. Və biz də həmin şərhi oxuyub qəbul ediriksə, bu bizə öz fikrimizi formalaşdırmağa müəyyən mənada maneə yaradır.
Əgər bu gün gənclərimizin kitabxana marağı formalaşa bilməyibsə bu işdə ən böyük səhv valideynlərimiz və müəllimlərimizin payına düşür. Uşaq evdə inşa yazmaq üçün internetdən hazır material götürüb köçürürsə və valideyn buna münasibət bildirmirsə, bu halda valideyn, həmin inşanı şagirdin necə yazdığı, məsələyə münasibəti, təqdim etdiyi mövzuda hansı fikri sərgilədiyi ilə maraqlanmayaraq qəbul etdiyi halda da müəllim günahkardır.